Ərdoğan Putinlə nələri müzakirə etdi? – Təfərrüat

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefonla danışıb.

Globalinfo.az xəbər verir ki, telefon söhbəti zamanı Rusiya-Ukrayna müharibəsindəki vəziyyətə dair müzakirələr aparılıb. Kaxovka bəndinin partladılması ilə bağlı heç bir şübhəyə yer qoymayacaq əhatəli təhqiqat aparılmasının önəmini qeyd edən Ərdoğan Türkiyənin bununla əlaqədar üzərinə düşəni etməyə hazır olduğunu deyib.

Türkiyə lideri taxıl sazişinin qlobal qida böhranının qarşısının alınmasında həyatı rol oynadığını diqqətə çatdırıb, həmçinin Rusiya taxıl və gübrəsinin ixracı qarşısındakı maneələrin aradan qaldırılması üçün göstərilən cəhdlərin fayda verdiyini bildirib.

Türkiyənin ədalətli sülhün bərqərar olması istiqamətində səy göstərməyə davam etməkdə qərarlı olduğunu vurğulayan Ərdoğan döyüşlərin sona çatması üçün hər cür dəstək verməyə hazır olduqlarını söyləyib.