Ərdoğan Paşinyanı təkləyir: Dördlü görüş təklifinə Tehran və Moskva dördəlli razı olacaq

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dördtərəfli görüş (Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan) təklifinin məqsədini onun bundan öncəki digər açıqlamalarından anlamaq olur”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva deyib.

Züriyə Qarayeva

Onun sözlərinə görə, ABŞ-a səfərdən öncə Ərdoğan, Avropa İttifaqı ilə bağlı da açıqlamalar verib:

“Avropa İttifaqının Türkiyədən qopmağa çalışdığını ifadə edən Prezident Ərdoğan, “Aİ-nin Türkiyədən qopmaq üçün addımlar atdığı bu dövrdə qiymətləndirmələrimizi edəcəyik” deyib. Çıxışında Avropa İttifaqı əleyhinə işlətdiyi tezislər bu görüş formatının regiondankənar oyunçuların bölgədəki proseslərdən kənarlaşdırmaq məqsədi daşıdığını göstərir.

Məlumdur ki, Rusiya-Ukrayna müharibəsindən sonra bölgədə yeni oyunçuların və oyunçu olmağa cəhd edənlərin sayı artıb. Avropa İttifaqı prosesdə ciddi şəkildə rol alıb. ABŞ yetişən vəziyyətdən paydaş olma siyasətini işə salıb. Fransa isə özünəxas ritorikasını tətbiq etdirmək üçün dəridən qabıqdan çıxır, aktiv oyunçu görünüşü yaradır.

Bu durumda Brüsselin Ankaraya yönəlik siyasətini də nəzərə alsaq, Türkiyə-Rusiya yaxınlaşmasının əsas fonda olduğunu deyə bilərik. Bunların üzərinə ABŞ rəsmilərinin Azərbaycan əleyhinə fikirlər səsləndirməsi Ankaranı görüşmələrə yeni format gətirmək ehtiyacı ilə qarşı-qarşıya qoyub. Formatın deyil işləkliyi, hətta dilə gətirilməsi belə işə yarayıb. Vaşinqtonun “U” dönüşü bunun göstəricisidir.

Formatın işləmə perspektivlərinə gəldikdə isə, Moskva bu təklifə iki əlli razıdır. İrəvan üçün isə eyni fikri səsləndirə bilməyəcəyik. Ancaq heç mümkün olmadığını da demək olmaz. Vaşinqtonun “U” dönüşünün analogiyasını Paşinyanın timsalında tez-tez yaşamışıq. Üstəlik, Tehranın da İrəvana üz döndərdiyi vaxtda Paşinyan regionda Türkiyədən və Azərbaycandan başqa çıxış qapısının olmadığını anlamağa başlayacaq. Bakının Ağdam-Xankəndi yolu ilə bağlı yaratdığı reallıq da Nikolu düşündürməmiş deyil. Odur ki, dördlü formatın yaxın gələcəkdə işə düşməsinin şahidi ola bilərik”.

Turan Rzayev
Globalinfo.az