Ərdoğan-Kılıçdaroğlu dueli ikinci raunda qaldı – Qalib kim olacaq?

“Türkiyədə prezident seçkisinin yekun nəticəsi böyük ehtimalla ikinci turda bəlli olacaq”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Aqşin Kərimov Türkiyədə keçirilən seçkilər haqda danışarkən deyib.

Onun sözlərinə görə, rəqəmlər birinci turda qalibin müəyyənləşməyəcəyini göstərir:

“Hesab edirəm, Ərdoğan qalib gəlsə, bunlar olacaq:

Birincisi, Türkiyə dünya arenasında və regional tabloda yeni mərhələsini güclü şəkildə yaşayacaq.

İkincisi, Türkiyədə Ərdoğan təkpartiyalı hakimiyyətini möhkəmləndirmək üçün Konstitusiya dəyişiklikləri edə bilər.

Üçüncüsü, Ərdoğan Konstitusiya dəyişikliyini gündəmə gətirəndə özünün fəxri liderliyi üçün rəsmi status qazanmağa çalışacaq və varislik yolu ilə hakimiyyətin ötürülməsinə cəhd edəcək.

Kılıçdaroğlu qalib gələrsə isə bunlar baş verə bilər:

Birincisi, gücləndirilmiş parlament idarəçiliyinə qayıdışa başlayacaq, lakin bunun problemsiz olacağını düşünmək yanlışdır.

İkincisi, Türkiyədə hazırda mövcud olan mənzərəni miras alacaq və idarəetmədə xeyli çətinliklərlə üzləşəcək.

Üçüncüsü, Avropa və ABŞ-a daha az “döyüşkən” münasibət bəsləyəcək, hərçənd bunu anti-Rusiya stilində etməyəcək”.

Eskpertin sözlərinə görə, Türkiyənin iradəsindən kənar bir çox xarici amillər dövləti xarici siyasətində mürəkkəb portfelini sadələşdirməyəcək:

“Buna görə də istər Ərdoğan, istərsə də Kılıçdaroğlu – kim qalib olsa – Türkiyə Qərblə Rusiya arasındakı rəqabətdən dolayı mürəkkəb balanslaşdırma aktından qaça bilməyəcək.

Türkiyənin gələcək iqtidarının xarici siyasət komandası aydın, davamlı və uzunmüddətli baxış formalaşdırmalıdır ki, dövlətə olan təhdidlərdən üzüağ, alnıaçıq çıxsın”.

Turan Rzayev
Globalinfo.az