Araqci

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ni Tehrana qarşı “iqtisadi terror əməliyyatı” həyata keçirməkdə ittiham edib.

Globalinfo.az xəbər verir ki, Əraqçi bununla bağlı BMT-nin Baş katibi Antonio Quterreşə, Təhlükəsizlik Şurasının sədrinə və təşkilata üzv dövlətlərə məktub göndərib.

İranlı nazirin sözlərinə görə, ABŞ-nin avqustun 24-də elan etdiyi və İrana qarşı təkrar sanksiyaların tətbiqi ilə bağlı təhdidlər ehtiva edən tədbirlər digər ölkələri Tehranla qanuni iqtisadi əlaqələri dayandırmağa məcbur etməyə yönəlib.

Əraqçi hesab edir ki, Vaşinqtonun bu siyasəti dövlətlərin suveren bərabərliyi və daxili işlərə müdaxilə etməmək prinsiplərinə ziddir.

İran XİN rəhbəri həmçinin ABŞ sanksiyalarının mülki əhali üçün ciddi risklər yarada biləcəyini bildirib. Onun sözlərinə görə, məhdudiyyətlər ərzaq, dərman, tibbi avadanlıq və enerji resurslarına çıxışa mənfi təsir göstərə bilər.

Əraqçi BMT Təhlükəsizlik Şurasını birtərəfli sanksiyaları pisləməyə və ABŞ-dən üçüncü ölkələrə təzyiq göstərmək siyasətinə son qoymağı tələb etməyə çağırıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: