Amerikalı məşhur milyarder, pedofiliya və insan alverində ittiham olunaraq həbs edilən, 2019-cu ildə saxlanıldığı kamerada cəsədi tapılan Ceffri Epşteynin həbsxanada yazdığı iddia edilən intihar qeydi üzə çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
Nəşr yazır ki, Epşteynin intihardan öncə yazdığı qeyd artıq 7 ildir möhürlənmiş vəziyyətdə məhkəmə sənədləri arasında gizli saxlanılır. Maraqlıdır ki, hüquq mühafizə orqanları daha əvvəl araşdırmalar nəticəsində heç bir vida qeydinin tapılmadığını bildiriblər. Lakin Epşteynin kamera yoldaşı onun “Vidalaşmaq zamanıdır” cümləsi ilə bitən məktub yazdığını söyləyib.
Məlumata görə, məktub Epşteynin 2019-cu ilin iyul ayında ilk intihar cəhdindən sonra qrafik romanın içərisində tapılıb. Məktubu tapan kamera yoldaşı onu həbsxana nəzarətçilərinə təhvil verib. Hətta qeyddəki əl yazısının milyarderə məxsus olduğu təsdiqlənib.
Nəşr məhkəmədən şəffalıq xatirinə məktubun açılmasını xahiş edib.
Qeyd edək ki, bu iddia təsdiqlənsə, Epşteynin öldürülməsi versiyası tam aradan qalxa bilər.
Əliyar Xəlil
Globalinfo.az