emine yusifqizi

Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Görkəmli aktrisa və bədii qiraət ustası, Xalq artisti Əminə Yusifqızı oktyabrın 9-da, ömrünün 89-cu ilində vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Əminə Yusifqızı 1936-cı il sentyabrın 24-də Bakıda anadan olub. 1961-ci ildə M.F.Axundzadə adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. O, məktəbli yaşlarından səhnə sənətinə böyük maraq göstərib. 1958–1964-cü illərdə Gənc Tamaşaçılar Teatrında, 1974-cü ilədək Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib. “Anacan” (Y.Əzimzadə), “Son məktub” (R.İsmayılov), “Söz yarası” (Q.Rəsulov), “Ana tarla” (Ç.Aytmatov), “Şeytanın şagirdi” (B.Şou) və s. tamaşalarda maraqlı obrazlar yaradıb.

1974-cü ildə “Azərbaycanfilm” kinostudiyasında işə başlayan Əminə Yusifqızı “Şərikli çörək”, “Sən niyə susursan?”, “Bizim küçənin uşaqları”, “Musiqi müəllimi” və s. filmlərdə, eləcə də televiziya tamaşalarında çəkilib. Çoxsaylı filmlərin dublyajında uğurla iştirak edib, kino qəhrəmanlarını öz məlahətli səsi ilə tamaşaçılara sevdirib.

Əminə Yusifqızı klassik və çağdaş Azərbaycan poeziyasının yorulmaz təbliğatçısı kimi də sənət tariximizdə silinməz iz qoyub. Uzun illər çalışdığı Azərbaycan Dövlət Televiziya və Radiosunun efirində görkəmli şairlərimizin yaradıcılıq nümunələri onun qiraətində tamaşaçı və dinləyicilərin qəlbinə yol tapıb.

Mədəniyyətimizin inkişafında xidmətləri yüksək qiymətləndirilən aktrisa 1982-ci ildə “Əməkdar artist”, 1998-ci ildə “Xalq artisti” fəxri adlarına, 2016-cı ildə isə “Şöhrət” ordeninə layiq görülüb.

***15:48

Xalq artisti Əminə Yusifqızı ilə əlaqədar oktyabrın 9-u, saat 14:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub”.

Globalinfo.az bildirir ki, bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdrəetmə Birliyindən (TƏBİB) verilib.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Bu zaman Xalq artistinin həkiməqədər ölüm faktı qeydə alınıb”, – deyə məlumatda bildirilib.

***14:36

Xalq artisti Əminə Yusifqızı vəfat edib.

Globalinfo.az bildirir ki, bu barədə “Report”a Xalq artistinin yaxınları məlumat verib.

Qeyd edək ki, Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda anadan olub.

Azərbaycanca fəaliyyət göstərən bir sıra teatrda, eləcə də “Azərbaycanfilm” kinostudiyasında çalışıb.

O, daha çox dublyaj və səsləndirmə sahəsindəki fəaliyyətləri ilə şöhrət qazanıb.

Paylaş: