Əməliyyatlar aparılır, səs-küylü həbslər olacaq – Açıqlama

Son zamanlar beynəlxalq səviyyəli siyasi proseslərin aktuallaşması daxili siyasətdə durğunluq yaradıb. Xüsusilə də Tehrandakı səfirliyimizə təşkil edilən terror hücumu ölkədə antikorrupsiya əməliyyatlarının, səs-küylü işdən çıxarmaların davam edib-etməyəcəyi sualını gündəmə gətirib.

Faktiki olaraq Nazirlər Kabineti, Dövlət Gömrük Komitəsi, Qaçqınkom və s. qurumlar hazırda hədəfdədir. Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun oğlunun 2 milyard qalmaqalı da hazırda aktuallığını qoruyur.

Maraqlıdır, Azərbaycanda antikorrupsiya əməliyyatları, səs-küylü işdən çıxarılmalar, həbslər davam edəcəkmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib ki, korrupsiyaya qarşı mübarizə dövlətin əsas strateji istiqamətlərindən biridir:

“Bu proses qısa zamanda yekunlaşmayacaq. Hələlik səs-küylü həbslər dayansa da, bu, prosesin birmənalı dayandığı mənasına gəlmir. Hesab edirəm, hazırkı həbslər əvvəlki qədər rezonans doğuracaq səviyyədə deyil, lakin bu və digər formada işlər aparılır.

Ümumiyyətlə, bu məsələdə dayanma yoxdur. İctimaiyyətin də burada aktivliyi lazımdır. Əgər doğrudan da məmurlar korrupsiya və digər qanunsuz yollarla böyük vəsait mənimsəyib övladlarının, yaxınlarının adlarında gizlədirlərsə, cəmiyyət bunun üzərinə getməlidir.

Belə olan təqdirdə heç kəs bu kimi faktları gizlədə və ya üstünü örtə bilməyəcək. Bu, ölkəmiz üçün ciddi  problemdir və aradan qaldırılması vacibdir”.

Turan Rzayev
Globalinfo.az