Əməliyyat şəraiti Ordumuzun nəzarətindədir; tədbir görülür – Polkovnik

Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur.

Ermənistanın Arazdəyən istiqamətində şərti sərhədə silahlı texnika yığması nə ilə bağlıdır? Yeni eskalasiya gözlənilirmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib ki, prinsip cəhətdən qoşunların ölkədaxili hər hansı bir istiqamətdə hərəkət etməsi, aktivlik nümayiş etdirməsi dövlətlərin daxili işidir:

Şair Ramaldanov

“Hər bir ölkənin ordusu təlimlər ilə bağlı vaxtaşırı hərəkət edə, atış gerçəkləşdirə bilər. Yəni bu normal vəziyyətdə təbii hadisədir. Lakin indiki məqamda bu diqqət çəkir.

Çünki bu gün Ermənistanda revanşizm ritorikası yüksəlir, müharibə istəkləri tez-tez səslənir. Bundan başqa aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə görüşü planlaşdırılır. Yəni belə olan təqdirdə Ermənistan ordusunun aktivliyi diqqət çəkir və narahatlıq yaradır.

Hesab edirəm ki, Ermənistan sülh müqaviləsini imzalamayaraq prosesi uzadır. Bu həm Ermənistanın daxili siyasi vəziyyətini, həm də xarici havadarları ilə bağlıdır. Belə olan təqdirdə burada yeni oyunçuların olması mümkündür.

Ermənistanın havadarları regionda gərginlik yaratmaq istəyirlər. Beynəlxalq qüvvələr bundan yararlanıb regiona gəlmək, burada möhkəmlənmək istəyir. Yəni indiki məqamda bu mümkün deyil, amma bunun üçün hazırlıq görülür.

Bütün bu prosesləri Azərbaycan ordusu müşahidə edir. Əməliyyat şəraiti nəzarətimiz altındadır. Lazımi tədbirlər görülür. Lazım gələrsə, ordumuz tapşırılan bütün əmirləri yerinə yetirəcək”.

Deputat Hikmət Babaoğlu isə deyib ki, Ermənistanın Azərbaycanla şərti dövlət sərhədində qoşun yığması bu ölkənin sülh istəməməsi ilə bağlıdır:

Hikmət Babaoğlu

“Rəsmi İrəvan yeni avantüra və təxribatlara hazırlaşır. Bu gün bir daha bəlli olur ki, 2020-ci ildən bu günə qədər sülhün əldə edilməməsində tək günahkar Ermənistandır. Çünki, Ermənistanda radikallar, revanşistlər reallığı dərk etmək istəmir, vaxt uzadaraq yenidən əks hücuma keçmək istəyirlər.

Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, hazırkı eskalasiya, hərbi aktivlik 5 apreldə Brüsseldə keçiriləcək Aİ, ABŞ, Ermənistan üçlü görüşü ərəfəsində baş verir. Onu da qeyd edim ki, bu üçlü arasında regionda sülhün əldə olmasını çətinləşdirəcək məsələlər müzakirə ediləcək. Ehtimal ki, Brüsseldə keçiriləcək görüşdə Aİ Ermənistandakı missiyası status verilməklə bu struktur əsasında hərbi birlik qərarı verilsin.

Bu, sülhün əldə edilməsini çətinləşdirəcək. Belə ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan qoşunlarının hərəkətliliyi ilə bağlı məlumat yayandan sonra Aİ Ermənistandakı missiyası dərhal belə bir şeyin olmadığını iddia etdi. Yəni Ermənistan MN yox, Aİ missiyası bizə cavab verdi. Bu, qətiyyən yol verilməz haldır.

Bu gün önümüzdə fəaliyyəti koordinasiya edilmiş üçlü var. Belə olan təqdirdə rəsmi Bakının həyəcan təbili çalması normaldır”.

Politoloq Murad Sadəddinovun sözlərinə görə, bu cür addımlar sülhə istiqamətlənmiş fəaliyyətə xidmət etmir:

Murad Sadəddinov

“Ermənistan rəhbərliyinin bəyanatları hər nə qədər sülhə xidmət edirmiş kimi görünsə də reallıq tam fərqlidir. Ermənistan açıq şəkildə yeni eskalasiyaya hazırlaşır və bu proses xaricdən dəstəklənir.

Hərbi texnikanı müxtəlif adlar ilə sərhəddə yerləşdirmək Ermənistan tərəfindən yenidən gərginliyi artıraraq sülhə mane olmaq cəhdidir. Xüsusilə bu məsələdə Qərb ona görə maraqlıdır ki, mövcud reallıqlar onların arzu etdiyi kimi deyil. Buna görə də gərginliyin artmasını istəyirdilər”.

Turan Rzayev
Globalinfo.az