Əməkdar artistdən Şəfiqə Məmmədovaya sərt sözlər: “İttifaq sənin Dərbənddəki dədənin deyil!”

“Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvlüyündən istefa verməmişəm”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Əməkdar artist Gülşad Baxşıyeva İttifaqın üzvlüyündən imtina etməsi haqda yayılmış xəbərlər barədə deyib.

O, kiməsə görə istefa verməyəcəyini bildirib:

“Mənim İttifaqda sadəcə adım var, özüm bu illər ərzində heç bir tədbirə, iclasa dəvət olunmamışam. Səbəbini də bilmirəm. Şəfiqə Məmmədova bu gün var, sabah yoxdur. Ona görə niyə İttifaqdan çıxmalıyam ki?! İttifaqı, bəyəm, Şəfiqə Məmmədovanın dədəsi qurub?! O qurum Prezidentin istəyi ilə yaradılıb”.

G.Baxşıyeva bildirib ki, İttifaqa üzv olsa da, ona vəsiqə verilməyib:

“Hansısa siyahıya adımı əlavə ediblər, sonra adımdan razılıq veriblər. Amma özüm heç bir kağıza imza atmamışam. Şəfiqə Məmmədova kimdir axı?! O da bütün aktyor tayfasının bir üzvüdür də. Yenə deyirəm: mən Şəfiqə Məmmədovaya görə o qurumdan çıxmaq fikrində deyiləm! Təkrar edirəm: o qurumu Şəfiqə Məmmədovanın dədəsi Dərbənddən gəlib qurmayıb! Sabah o gedəcək, başqası gələcək”.

Aktrisa deyib ki, dövlətin pulunu mənimsəmək xəyanətdir:

“İttifaqa ayrılan pul kiminsə cibinə görə ayrılmayıb. Kino və digər faydalı addımlar üçün ayrılıb. İttifaqın keçmiş mətbuat katibi Əli Vəliyev deyirdi ki, “filan tədbirlər olub və o pullar ora sərf olunub”. İnanın, mənim 60, 65 və 70 illiyim olub, amma o İttifaqdan təbrik almamışam. Necə üzvəm ki, məni təbrik etməyiblər?! Mən Şəfiqə Məmmədovadan keyfiyyətcə zəif aktrisa deyiləm”.

Əməkdar artist İttifaqın qurultayı zamanı irad və şikayətlərini dilə gətirəcəyini bildirib:

“Mənim o qədər istəklərim olub ki… Məsələn, ev paylanıb, ad verilib, amma kənarda qalmışam. Şəfiqə mənim necə aktrisa olduğumu bilmir?! Niyə bir dəfə təqdimat verməyib ki, mənə “Xalq artisti” adı verilsin? Mən qurultayı gözləyirəm. Artıq 70 yaşım var. Düzü, bundan sonra heç nə istəmirəm. Sadəcə, 10 il ərzində bu adam bunları edə bilərdi, amma etmədi”.

Əməkdar incəsənət xadimi Yavər Rzayev də İttifaqdan istefa verməsi ilə bağlı xəbəri təkzib edib:

“Mənim adımı niyə o siyahıya əlavə ediblər, anlamıram. Belə bir açıqlama verməmişəm axı. Mən hələ qərar verməmişəm. Bir-iki nəfərlə görüşdükdən sonra sözümü deyəcəm. Məsələ belə həll olunmur”.

Ramiz Məlik

Xalq artisti Ramiz Məlik isə xəbəri təsdiq edib:

“Bəli, xəbər doğrudur, mən istefa vermişəm”.

Qeyd edək ki, bir qrup mədəniyyət və incəsənət xadiminin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzlüyündən imtina etdiyi bildirilib. Onların arasında Xalq artisti Əbdül Mahmudov, Xalq artisti Ramiz Məlikov, Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, Əməkdar artist Gülşad Baxşıyeva, Əməkdar artist Münəvvər Əliyevanın da adı var.

Zaira Akifqızı
Globalinfo.az