“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik: nələr nəzərdə tutulub?

“Əmək pensiyaları haqqında” qanuna yeni dəyişiklik layihəsi bu gün Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olunub. Qeyd edim ki, dəyişikliklərdə məqsəd pensiyaya çıxış imkanlarını daha da genişləndirməkdir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında kapital məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır:

“Pensiya amnistiyası” adlandırılan həmin güzəştin müddəti gələn ilin yanvarında başa çatırdı. Yeni dəyişikliklər ilə pensiya amnistiyası daha 3 il uzadılır.

Belə ki, mövcud qanunvericiliyə əsasən, yaşa görə pensiya almaq üçün ya 25 il staj, ya da minimum pensiya kapitalı tələb olunur. Ancaq əgər vətəndaş 2018-ci ilin iyulun 1-dək, hətta 1 manat pensiya kapitalına malik olubsa, o zaman onun 2006-cı ilədək olan stajı 25 il hesab olunur. Bu, 2026-cı ildən sonra isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.

Praktik olaraq, bu dəyişikliklərlə 2018-ci ilin ikinci yarısınadək pensiya hesabında məbləğindən asılı olmayaraq vəsaiti olanlar pensiya almaq hüququn malik olacaqlar. Hətta ən kiçik məbləğ pensiya kapitalı olan vətəndaşlarımız da yaşa görə müavinət deyil, pensiya ala biləcəklər. Bu baxımdan sözügedən dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək”.

Turan Rzayev
Globalinfo.az