Parlament seçkilərinə qatılan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu imzatoplama kampaniyasını başa çatdırıb.
Globalinfo.az bildirir ki, bu barədə o, özü açıqlama verib.
Politoloq topladığı imzaları 119 saylı Ağdam Dairə Seçki Komissiyasına təqdim etdiyini bildirib.
Saytımıza verdiyi açıqlamada Elxan Şahinoğlu deyib ki, mübarizəyə hazırdır: “Bildiyim qədəri ilə bizim dairəyə seçkiyə qatılmaq istəyən xeyli şəxs müraciət edib. Hər bir vətəndaşın seçkidə iştirak etmək hüququ var. Doğrudur, bəziləri seçkiyə qatılmalarını son günə qədər məxfi saxlamağa çalışır, bunun mənasının nədən ibarət olduğunu anlamıram. Mən may ayının əvvəlindən qərarımı verdim və bu Sizin saytda da yayımlandı ki, namizədliyimi 119 saylı Ağdam seçki dairəsindən verəcəm. Dostlarım və tanışlarım bu qərarımı dəstəklədi, ağdamlıların da dəstəyini aldım. Rəqiblərimlə azad və ədalətli mübarizəyı hazıram. İnsanlar yeni simalar, o cümlədən seçəcəkləri millət vəkilinin sonrakı fəaliyyəti dövründə diqqət və qayğı görmək istəyirlər. Azərbaycan Prezidenti İlham Əliyev dönə-dönə vurğulayıb ki, məmurlar insanlara xidmət etməlidirlər. Bu sözlər millət vəkillərinə də aiddir, parlamentdə 20-25 il oturmaqla vaxt keçirmək, insanların dərdini dinləməmək doğru deyil. Millət vəkili ən azı ildə 4-5 dəfə seçildiyi dairəyə baş çəkməli, vətəndaşları yalnız kabinetdə deyil, evlərində, həyətlərində də dinləməlidir”.