Elnur Allahverdiyevdən həmkarının qalmaqallı açıqlamasına kəskin reaksiya

“Həmkarım, Milli Məclisin deputatı Erkin Qədirlinin bir açıqlaması gündəm olub, sosial şəbəkələrdə müzakirələrə yol açıb. Ona verilən “Mənə Milli Məclisdə oturan bir nəfər deputat adını çəkin, hansı ki, həqiqətən də xalqın səsini qazanıb və Milli Məclisdə oturur” sualına cavab verib ki, onu özüm haqqında da deyə bilmərəm, çünki demokratik seçki olsa, onda əminliklə demək olardı”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib.

Deputat bildirib ki, Erkin Qədirlinin Milli Məclisdə təmsil olunan bütün deputat həmkarları adından belə bir açıqlama verməsi düzgün deyil:

“Əlbəttə, hər bir vətəndaş kimi, həmkarım da fikir və qənaətlərində azaddır. Ancaq fikrimcə, tək özü deyil, başqaları, konkret olaraq Milli Məclisdə təmsil olunan bütün deputat həmkarları adından belə bir açıqlama verməsi düzgün deyil. Bu, ən azı bir sıra suallara yol açır. Məsələn, əgər seçki qeyri-demokratik keçirilirsə və həmkarım da seçicilərinin səsini qazanıb-qazanmadığını bilmirsə, onda nədən 3 ilə yaxındır ki, Milli Məclisdə təmsil olunur? Üstəlik, Erkin bəy nəinki qanunverici orqanda deputat kimi seçicilərini, eyni zamanda müxtəlif beynəlxalq təşkilatlarda və dostluq qruplarında da Milli Məclisi təmsil edir. Yaxud, əgər həmkarım həqiqətən seçicilərinin səslərini qazanıb-qazanmadığını bilmirsə, bu ona dəlalət edirmi ki, bu qənaətə bütün deputatlara münasibətdə gələ bilər və ya heç bir deputat xalqın səsini qazanmayıb?”

Deputat bildirib ki, təmsil olunduğu 17 saylı dairə ilə “qonşu” olan həmkarından belə cavab gözləmirdi:

“Ona görə gözləmirdim ki, biz ikimiz də eyni rayondan seçilmiş deputatlarıq, müxtəlif tədbirlərdə birgə iştirak edirik, ən azı seçicilərlə keçirdiyimiz qəbullarda müxtəlif şikayətlər, problemlərlə müraciət edən sakinlərin qaldırdıqları məsələləri icra orqanları ilə həll etməyə çalışırıq. Və bu zaman məhz millət vəkili statusumuzdan istifadə edirik. Seçilmiş deputat olaraq. Qəbulumuza, yanımıza gələn həmin sakinlər də məhz deputat olduğumuz üçün bizə müraciət edirlər. Belə çıxır ki, o, qeyir-demokratik yolla seçilib və bundan istifadə edib legitim icra orqanları ilə seçicilərin problemlərini həll edir?”

“Demokratiyanı şübhə altına salan həmkarımdan fərqli olaraq mən düşünürəm ki, hər kəs öz mövqeyində, söylədiklərində və dünyagörüşündə azaddır. O cümlədən, təmsil etdiyi orqanı, belə demək mümkündürsə, bəyənmirsə, yenə də qərarı özü verməlidir. Biz sadəcə olaraq təəssüf edə bilərik”, – millət vəkili qeyd edib.