Elmar Məmmədyarov ödənişli hərbi xidmət haqda: “Varlı bunu edə biləcək, amma kasıb…”

Globalinfo.az Azərbaycanda ödənişli hərbi xidmətlə bağlı araşdırma məqalə dərc etdikdən sonra deputat Elnur Allahverdiyev məsələni Milli Məclisin yaz sessiyası üzrə keçirilən ilk iclasında müzakirəyə çıxarıb, lakin deputatın təklifi birmənalı qarşılanmayıb.

Ümumiyyətlə, Azərbaycanda ödənişli hərbi xidmətə gərək varmı?

Mövzunu Globalinfo.az-a şərh edən sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, hazırda ödənişli hərbi xidmət məsələsi aktual görünmür.

Onun sözlərinə görə, məsələyə təklif kimi baxıla bilər:

“Hər şeydən öncə Azərbaycanın əhali sayını nəzərə almaq lazımdır. Məsələn, Türkiyənin əhali sayına nəzər yetirsək, orada ödənişli hərbi xidmətin olması normaldır. Çünki onların əhalisi 80 milyondan artıq, ordusu da yarım milyondan çoxdur. Bu baxımdan da mövzunu gündəmə gətirərkən geniş təhlil etmək lazımdır. Konstitusiyamızda hərbi xidmətlə bağlı maddə var. orada xırda düzəlişlər etmək olar, lakin ilk növbədə mütləq təhlil olunmalıdır. Tutaq ki, Müdafiə Nazirliyi “bu il 100 min əsgər lazımdır” deyirsə və əsgər sayı elə o qədərdirsə, bunu necə ödəniş əsasında 3-6 ay müddətinə endirmək olar? Bəs sonra? Türkiyənin əhali sayı çox olduğu üçün ödənişli hərbi xidmət onlara sərf edir, amma biz kiçik ölkəyik və müharibədən yeni çıxmışıq”.

Sabiq nazir bu məsələdə kasıb təbəqəni də nəzərə almağın lazım olduğunu qeyd edib:

“Gərək məsələni hər tərəfli fikirləşsinlər. Məsələn, birinin imkanı var deyə övladını hərbidən yayındıracaq, amma kasıb bunu edə bilməyəcək. Bu, artıq ədalətsiz bir yanaşma olar. Yüz ölçüb, bir biçdikdən sonra konkret addım atmaq lazımdır”.

Zaira Akifqızı
Globalinfo.az