Elmar Məmmədyarov işçi axtarır – Vakansiya

Bir müddət əvvəl sabiq xarici işlər naziri Elmar Məmmədyarov yeni kitab üzərində işlədiyini açıqlamışdı. Dünya təcrübəsində bir çox siyasətçilər, xarici işlər nazirləri və prezidentlər öz təcrübələrindən yola çıxaraq, fəaliyyətləri, siyasi arenalardakı görüşləri ilə bağlı müxtəlif kitablar yazıblar. Ermənistanın keçmiş prezidenti Serjik Sərkisyanın Qarabağ münaqişəsindən bəhs edən kitabı son vaxtlar sosial şəbəkənin erməni seqmentində müzakirə edilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Sərkisyanın kitabı uydurmalardan ibarətdir.

O həmçinin deyib ki, 17 il nazir olduğu dövrdə yazdığı məqalələri, müsahibələri kitabında dərc edəcək:

“Nazir olduğum illərdəki çıxışlarımı, açıqlamalarımı toplamışam, indi də yaxşı redaktor axtarıram ki, kitabımı redaktə-korrektə etsin. Hansı dildə müsahibə vermişəmsə, o mətn həmin dildə də kitabda yer alacaq. Mətnlər Azərbaycan, rus və ingilis dilində olacaq. Əsasən, fəaliyyətimlə bağlı, Ermənistan-Azərbaycan münaqişəsi haqda verdiyim müsahibələrdir”.

E.Məmmadyarov kitab yazmayacağını açıqlayıb:

“Bəxtiyar Vahabzadənin yaxşı bir sözü var: bir cümləni yazmaq üçün gərək 40 cümlə oxuyasan. Kitab yazmaq üçün gərək özünü bu sahə üzrə inkişaf etdirəsən. Burada söhbət savaddan getmir”.

Zaira Akifqızı
Globalinfo.az