Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2023-cü ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələdən sonra iki dövlət tərəfindən Kahramanmaraş şəhərində inşa edilən “Azərbaycan” məhəlləsi adlı yaşayış yerinin açılışı keçiriləcək. Məlumata görə, səfər çərçivəsində Türkiyə ilə Azərbaycan arasında münasibətlərin mövcud vəziyyəti və aktual regional proseslərlə bağlı fikir mübadiləsinin aparılması da nəzərdə tutulur.
Türkiyəli siyasi şərhçi Fikret Birdişli Globalinfo.az-a açıqlamasında bildirib ki, 2023-cü il fevralın 6-da Türkiyədə baş verən və “əsrin fəlakəti” adlandırılan dağıdıcı zəlzələ təxminən 14 milyon insanı və 110 min 578 kvadrat kilometr ərazini əhatə edib:
“Avropada bu böyüklükdə düz iyirmi ölkə var. Əlli mindən çox insanın həyatını itirdiyi, yüz yeddi mindən çox insanın yaralandığı, milyonlarla insanın evsiz qaldığı bu fəlakətin miqyası zəlzələnin ağrısını aradan qaldırmaq üçün göstərilən səylərin böyüklüyünü, onun humanitar miqyasını da ortaya qoydu. Bizdə belə bir məsəl var: “dost dar gündə tanınar”. Azərbaycan bu fəlakətin yaşandığı günlərdə Türkiyəyə köməyə tələsən ilk ölkələrdən olub, bu deyimin əsl mənasını əməldə nümayiş etdirib”.
Fikret Birdişli
F.Birdişlinin sözlərinə görə, Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsinin dirçəldilməsini üzərinə götürən möhtərəm Prezident cənab İlham Əliyev Türkiyəni axtarış-xilasetmə dəstəsi, səhra xəstəxanası və humanitar yardım materialları ilə təchiz etməklə yanaşı, dostluq və qardaşlıq məfhumunu daha irəliyə aparıb:
“Bu gün dirçəldilən yerlər təkcə gələcəyə olan ümidin deyil, həm də ortaq gələcəyin konkret göstəricisidir. 6 fevral zəlzələsində komandamla birlikdə həyata keçirdiyim və TÜBİTAK-ın dəstəklədiyi layihənin nəticələri də bu yardımın zəlzələ bölgəsində yaşayan insanların yaralarının sağalmasında nə qədər əhəmiyyətli töhfə verdiyini göstərir. Bu baxımdan türk xalqının təkcə qapıları deyil, həm də qəlbləri Azərbaycan xalqına və cənab İlham Əliyevin üzünə hər zaman açıqdır”.
Türkiyəli jurnalist Güngör Yavuzaslan da deyib ki, Türkiyədə yaşanan böyük zəlzələdən sonra ilk yardım edən ölkə Azərbaycan olub:
“Azərbaycan dövləti Kahramanmaraşda dağılan evlərin yerində yenilərinin inşa edilməsi üçün “Azərbaycan” məhəlləsi yaratdı. Zəlzələdən sonra qısa müddətdə hazırlanan “Azərbaycan” məhəlləsində zərərçəkmiş ailələrə cənab İlham Əliyev tərəfindən yeni evlərin açarları təqdim olunacaq.
Güngör Yavuzaslan
Əlbəttə, “bir millət, iki dövlət” şüarı ilə hərəkət edən qardaş dövlət Azərbaycan bu çətin gündə Türkiyənin yanında oldu. Türkiyə və Azərbaycan münasibətləri pis və yaxşı gündə birlikdə olmaq üzrə inşa edilib. Can Azərbaycanın bütün məsələlərində Türkiyə Cümhuriyyəti onun yanındadır. Xüsusilə, yeni inşa edilən evlərin zəlzələyə davamlı olması, müasir memarlıq üslubunda tikilməsi və hər tərəfdə Azərbaycan bayraqlarının sancılması böyük məna kəsb edəcək”.
Qeyd edək ki, 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində Kahramanmaraşda yaşayış binalarının, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikintisini nəzərdə tutan hökumətlərarası əməkdaşlıq Sazişi imzalanıb. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Azərbaycan” məhəlləsi layihəsi çərçivəsində ölkəmizin icra orqanı kimi fəaliyyət göstərib. Bərpa işlərinin Türkiyə hissəsi Dövlət Mənzil İnşaatı İdarəsi (TOKİ) tərəfindən həyata keçirilir.
Təsdiq edilmiş layihəyə əsasən, məhəllədə 68 yaşayış binasından (ümumilikdə 1194 iki, üç və dörd otaqlı mənzillər) əlavə, həmçinin ibtidai məktəb, uşaq bağçası, mədəniyyət evi də istifadəyə veriləcək. Bundan əlavə, “Azərbaycan” məhəlləsində 1596 pərakəndə satış obyekti fəaliyyət göstərəcək.
Həmçinin Kahramanmaraş şəhərindəki “Xocalı Milli Bağ Parkı”nda Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin rəmzi olan “Dəmir Yumruq” abidəsinin ucaldılması nəzərdə tutulur.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul