Əliyevin Rəisiyə dediklərini İran rəhbərliyinə kim çatdıracaq? – Mühüm mesaj

Prezident İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub. İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib.

Ölkə başçısı çıxışı zamanı qeyd edib: “Rəisi ilə son görüşdə önəmli qərarlar qəbul edilib, görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar”.

Rəsinin ölümü əldə edilən razılığa təsir edə bilərmi? Prezidentin qeyd etdiyi kimi əldə edilən qərarlar İranın yeni rəhbərliyinə çatdırılacaqmı?

Politoloq Qabil Hüseynli Globalinfo.az-a deyib ki, İran Prezidenti İbrahim Rəisinin ölümü əldə edilən qərarlara təsir etməyəcək:

“Məsələ ondadır ki, İranda Prezidentin səlahiyyətləri Ali dini liderdən aşağıdır. Daha dəqiq desək, Prezident Ali dini liderə tabedir. Yəni qərarlar, razılıqlar Ali dini liderin rəyi əsasında verilir və icra edilir. Rəisi ölsə belə, onu qısa zamanda yeni bir prezident əvəz edəcək. Yeni prezidenti də sonra Ali dini lider təsdiq edəcək. Bu mənada əldə edilən razılıqlar yeni prezident tərəfindən qəbul olunub, icra ediləcək”.

Q.Hüseynli İran prezidentinin həyatını itirməsi ilə nəticələnən dəhşətli hadisədən sonra İran-Azərbaycan münasibətlərinə toxunub:

“Bu məsələdə İran tərəfinin səhlənkarlığı açıq və aydındır. Bundan başqa, İranın daxili siyasəti ilə bağlı fərqli versiyalar da var. Yəni Bakı ilə bağlı səslənən versiyalar əsassızdır. Bu baxımdan iki ölkə arasında problemin olacağını düşünmürəm”.

Turan Rzayev
Globalinfo.az