Əliyevdən xəbərdarlıq: “Müharibə istəyən, onu alacaq” ismarışı kimlərə ünvanlanıb?

17310683234302022442 1200x630

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə xalqa ünvanlandığı müraciətində qeyd edib ki, Ermənistan silahlandırılır və yeni müharibəyə hazırlaşır. Ölkə başçısı deyib: “Biz hər an yeni təxribata hazır olmalıyıq”.

Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarının getdiyi bir zamanda bu açıqlama diqqət çəkir. Ekspertlər isə iddia edir ki, Ermənistanın son zamanlar silahlanması regionda eskalasiya riskini artırır.

Prezident çıxışı zamanı həm də qeyd edib ki, “44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların məğlubiyyətidir”.

Regionda yeni eskalasiya riski var? Əliyev “Biz hər an yeni təxribata hazır olmalıyıq” deyərkən nəyi nəzərdə tutur? Prezidentin “məğlub oldu” dediyi qüvvələr kimlərdir?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycan Prezidentinin əsas mesajı Ermənistan hakimiyyətinə və bu ölkəyə silah, uzaqmənzilli raketlər verən ölkələrədir:

“Məsələ ondadır ki, vəziyyət belə davam edərsə gərginlik gec-tez artacaq. Azərbaycan hələlik sadəcə xəbərdarlıq edir. Amma bu xəbərdarlıqlar həmişə sözlü olmayacaq. Rəsmi Bakı vəziyyətin ciddiliyindən asılı olaraq daha effektiv cavab verə bilər.

Ermənistana uzaqmənzili silahlar verən əsas ölkələr Fransa, Hindistan, Rusiyadır. Xüsusilə qeyd edim ki, Fransa və Hindistandan fərqli olaraq Rusiya Ermənistanla sanki gərginlik içərisindəymiş kimi bir təəssürat bağışlayır. Reallıq isə tam fərqlidir. Moskva İrəvana hələ də hərbi yardım edir və bu, regionda gərginliyi artırır.

Elxan Sahinoglu 5
Elxan Şahinoğlu

Əslində Rusiya hakimiyyətinin Paşinyan hakimiyyətindən narazılığı yoxdur. Bunu iki ölkə arasında illik ticarət dövriyyəsinin hazırkı vəziyyəti də sübut edir. İrəvan faktiki olaraq Rusiyanın Qərbin sanksiyalarını yarmasına kömək edir. İki ölkə arasında gərginliyin olduğu deyilən dövrə baxsaq ticarət dövriyyəsinin məhz bu illərdə artdığını görə bilərik. Digər tərəfdən, Paşinyan KTMT-ni tənqid etsə də təşkilatdan çıxmır. Ermənistan bu gün xarici havadarları tərəfindən ağır silahlar ilə təchiz edilir. Bu da gərginlik risklərini artırır Bakı da məhz buna görə İrəvanı xəbərdar edir”.

E.Şahinoğlu deyib ki, Prezident Ermənistanın arxasında dayanan ölkələrin konkret adını çəkməsə də bunun ATƏT-in Minsk qrupunun keçmiş həmsədr ölkələri olduğu bəllidir:

“Bu ölkələrin kim olduğu hər kəsə bəllidir. ABŞ-da prezident seçkiləri yeni keçirilib və iki ölkə münasibətlərində normallaşma olması gözlənilir. Rusiya isə Azərbaycanın müttəfiqidir. Yəni buna görə hesab edirəm konkret ad çəkilmir. Lakin Əliyev həm də qeyd edir ki, bu vəziyyət belə davam edə bilməz. Yəni Ermənistanın silahlanması Bakının maraqlarına uyğun deyil.

Bütün bunlara baxmayaraq hesab edirəm Qarabağ məsələsi artıq arxada qaldı. Xarici dairələr bu məsələni hər nə qədər yenidən canlandırmaq, gündəmə gətirmək istəsə də bunlar əbəsdir”.

Turan Rzayev
Globalinfo.az