“Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində mövcud dünya reallıqlarını və Azərbaycanın bu reallığa yanaşmasını ortaya qoydu. Həmçinin dövlət başçımız diplomatiyanın önəminə diqqət çəkdi, müsahibənin açar nöqtəsi də bu idi. Elə bu məqamda vurğulanmalıdır ki, diplomatiyaya sadəcə danışıqlar kimi yanaşmaq olmaz”.
Bu sözləri Globalinfo.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib
Politoloq bildirib ki, beynəlxalq münasibətlərdə diplomatiya ərazilər arasında uyğunluğu qorumaq üçün dəyərlərin müxtəlif ölkələrə ötürülməsinin və ya onların dəyərlərinin mənimsənilməsinin əsas trayektoriyalarından biri olub:
“Dəyərlərin ötürülüməsinə, aşılanmasına, mənimsənilməsinə isə Azərbaycan daha geniş rakursdan yanaşır, bu məsələdə unikal mövqedən çıxış edir. Azərbaycanın yürütdüyü siyasət, cənab Prezident İlham Əliyevin atdığı addımlar, dövlət rəhbəri olaraq formalaşdırdığı imic əlavə izaha və təsvirə ehtiyac duyulmadan öz sözünü deyir. Buna həm də yumşaq güc deyilir. Bu dəyərlər isə ölkələrə zorla tətbiq edilmir. Əksinə, Azərbaycan öz yanaşması ilə ölkələrin iqtisadi, sosial və siyasi vəziyyətinə faydalı hesab edildiyi təqdirdə onları tətbiq etmək vərdişini aşılayır. Azərbaycan etibarlı tərəfdaş olaraq beynəlxalq aktorlarla, region dövlətləri ilə sözlə əməlin vəhdət təşkil etməli olduğu imperativi ilə münasibətlər qurur, bu dəyərləri də ötürür. Ona görədir ki, region ölkəsinin birinə ötürülən yüklər, digərinə isə illər ərzində reallaşdırılan irimiqyaslı layihələrdə təqdim edilən tranzit imkanları ilə özümüzü sübut etmişik.
Beynəlxalq sülhə və təhlükəsizliyə nail olmaq beynəlxalq ictimaiyyətin ən vacib səylərindən biridirsə, bugünkü reallıq sülhdən sonra bərpa-quruculuğa, onun tətbiqi və bu təcrübənin paylaşılması yollarına da diqqət ayırır.
Münaqişələrdən çıxmış şəhərlərin yenidən qurulması konsepsiyası uzunmüddətli strategiya kimi müxtəlif kommunikativ, sosial, siyasi və təhlükəsizlik tədbirləri ilə əlaqələndirilir ki, bu da müharibələr və münaqişələr səbəbindən dağılmış ölkələrə qarşıdurmanın səbəblərini aradan qaldırmağa, sabitliyi təmin etməyə və işlərini idarə etməyə imkan verir. Azərbaycan bütün bu məsələlərə detallı və konseptual yanaşır”.

Şəbnəm Həsənova
Politoloq qeyd edib ki, bu reallıqlarda da müasir sivilizasiya enerjisiz yaşaya bilməz:
“Hamı üçün əlverişli, etibarlı, davamlı və müasir enerjiyə çıxışı təmin etmək vacib amildir. Ümumi həllər axtarılır. Avropa İttifaqı bir tərəfdən enerji təhlükəsizliyi təmin etmək zərurəti ilə üz-üzədirsə, digər yandan bərpa olunan enerji mənbələri təşviq olunur ki, ətraf mühitə, eləcə də iqtisadiyyata və cəmiyyətə müsbət təsir göstərsin.
Avropa İttifaqı ölkələri karbon emissiyalarının, ümumi ilkin enerji istehlakının azaldılması, bərpa olunan enerji mənbələrinin enerji istehlakında payının artırılması istiqamətində çalışır. Bu reallıqda təhlükəsiz keçid yeni bir tapşırıq kimi üzə çıxır. Hörmüz boğazı ətrafında yaşanan hadisələr Orta Dəhlizə marağı daha da artırdı. Bu dəhliz əvvəllər alternativ idisə, indi zərurətdir. Azərbaycan bu dəhlizdə coğrafi baxımdan mərkəzdə dayanır, bizim fiziki iştirakımız olmadan böyük layihələrin reallaşması sual altına düşə bilər. Azərbaycan isə belə taleyüklü məqamda çətin amil kimi deyil, etibarlı tərəfdaş kimi imicini qoruyub saxlayır”.
Turan Rzayev
Globalinfo.az