1775472741 fb8b1f0f5b919a9b38c6d7c39e9cb1ce

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri diplomatik protokol çərçivəsindən xeyli kənara çıxaraq Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının mühüm göstəricisinə çevrilir. Qara dəniz regionunda davam edən qeyri-sabitlik və qlobal güclərin təsirinin tədricən yenidən formalaşdığı şəraitdə, Gürcüstan Prezidenti Mixail Kavelaşvili və baş nazir İrakli Kobaxidze ilə keçirilən görüşlər Bakı və Tbilisinin ikitərəfli ittifaqı regional sabitliyin əsas sütunu kimi daha da möhkəmləndirmək niyyətini nümayiş etdirir”.

Bu sözləri Globalinfo.az-a gürcü politoloq Vasili Papava Prezident İlham Əliyevin Gürcüstana dövlət səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Azərbaycan üçün Gürcüstan Qərb enerji və logistika bazarlarına çıxış baxımından alternativsiz dəhliz olaraq qalır:

“Həmçinin Tbilisi üçün Bakı ilə tərəfdaşlıq enerji müstəqilliyi və tranzit potensialının reallaşdırılması baxımından həlledici amildir. Bu səfərin geosiyasi çəkisi “Orta Dəhliz” layihəsinin irəlilədilməsi fonunda daha da artır. İlham Əliyevin səfəri beynəlxalq ictimaiyyətə Bakı–Tbilisi tandeminin Mərkəzi Asiyanı Avropa ilə birləşdirən konsolidə olunmuş qovşaq kimi çıxış etməyə hazır olduğu barədə siqnal verir. Geniş tərkibdə aparılan danışıqlar, ehtimal ki, yalnız Bakı–Tbilisi–Ceyhan neft kəməri və Bakı–Tbilisi–Qars dəmir yolu kimi mövcud iqtisadi layihələrlə məhdudlaşmayıb, həm də regional təhlükəsizlik məsələlərində fəaliyyətlərin koordinasiyasını əhatə edib. Bu, xüsusilə Azərbaycan ilə Ermənistan arasında sülhün nizamlanması kontekstində aktualdır. Burada Gürcüstan ənənəvi olaraq kənar qüvvələrin birbaşa müdaxiləsi olmadan dialoq üçün platforma təqdim edə bilən neytral vasitəçi rolunu oynamağa çalışır.

Vasili Papava
Vasili Papava 

Qəhrəmanlar Memorialına əkil qoyulması və Heydər Əliyevin xatirəsinin yad edilməsi kimi simvolik jestlər strateji kursun varisliyini vurğulayır. Bu səfər göstərir ki, Gürcüstanın ali rəhbərliyində simaların dəyişməsinə baxmayaraq, Azərbaycanla sıx tərəfdaşlıq istiqaməti dəyişməz olaraq qalır. Mövcud geosiyasi konfiqurasiyada bu əməkdaşlıq sırf praqmatik qarşılıqlı əlaqədən daha dərin – strateji sinxronizasiya formasına keçir. Burada hər iki ölkə xarici riskləri minimuma endirməyə çalışaraq iri geosiyasi parçalanmaların təsirindən kənar, regiondaxili dayanıqlılıq zolağı formalaşdırmağa çalışır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: