
Prezident İlham Əliyevin Misirə səfərindən 2 gün sonra istiqamət Türkiyə oldu. O, iyunun 10-da qardaş ölkəyə işgüzar səfərə getdi. Səfər çərçivəsində bir neçə istiqamətdə mühüm müzakirələrin olacağı gözlənilir.
Maraqlıdır, Əliyev Qahirədən hansı məlumatlarla, təkliflərlə dönüb? Dövlət başçısının Ankaraya getməsinin bu səfərlə əlaqəsi varmı?
Azərbaycan və Türkiyənin Misirlə yaxınlaşması İsrail-HƏMAS danışıqlarında iştirak etmələrinə səbəb ola bilərmi?
Politoloq Elçin Mirzəbəyli mövzu ilə bağlı Globalinfo.az-a danışıb.
O bildirib ki, Azərbaycan Prezidentinin Misirə rəsmi və Türkiyəyə işgüzar səfəri arasında birbaşa əlaqə yoxdur:
“Şübhəsiz ki, hazırda dünyada baş verən geosiyasi dəyişikliklərin özünü müxtəlif bölgələrdə büruzə verməsi, qütbləşmənin dərinləşməsi və həlledici mərhələyə qədəm qoyması, təhlükəsizlik amilinin heç zaman olmadığı kimi ön plana çıxması ayrı-ayrı dövlətlərin, xüsusilə Azərbaycan kimi sistemli, ardıcıl, aydın bir xətt üzrə hərəkət edən ölkələrin xarici siyasətində təsadüflərin olmadığını söyləməyə əsas verir.
Azərbaycanla Türkiyə arasında 2021-ci il iyunun 15-də imzalanmış tarixi Şuşa Bəyannaməsinin əsas istiqamətlərindən biri də iki qardaş ölkənin xarici siyasətinin uzlaşdırılması və atılacaq addımların hər iki ölkənin milli maraqlarına uyğun bir şəkildə, vahid bir strateji üzrə müəyyənləşdirilməsidir. Bu prosesin içərisində dünyanın müxtəlif ölkələrində cərəyan edən hadisələr, o cümlədən Yaxın Şərq mövzusu da yer ala bilər”.
Politoloqun sözlərinə görə, dövlət başçısının Fələstin dövlətinin yaradılması və Qəzza zolağında baş verən hadisələrlə bağlı səsləndirdiyi fikirlərlərlə Türkiyəyə işgüzar səfəri arasında birbaşa əlaqə axtarılmasının heç bir əsası yoxdur:
“Çünki BMT Baş Assambleyasının 1967-ci il iyunun 4-dən əvvəlki sərhədlər çərçivəsində müstəqil Fələstin Dövlətinin yaradılması qərarı Azərbaycan tərəfindən uzun illərdir, dəstəklənir və ölkəmiz mütəmadi olaraq Fələstinə yardımlar göstərir. Sadəcə bu proses nəticəsiz emosional yanaşmalarla deyil, strateji və nəticəyönlü düşüncə ilə həyata keçirildiyi üçün yeri gəldi-gəlmədi göz önündə sərgilənmir.
Azərbaycanla Türkiyə arasında müzakirə olunacaq məsələlərin siyahısı isə həddindən artıq genişdir. İlk növbədə Cənubi Qafqazda davamlı sülhə nail olunması, təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi Bakı və Ankara üçün prioritet təşkil edir”.
Safura Bənnayeva
Globalinfo.az