Əlimdə səs yazısı var, bura zərbə endirəcəklər – Simonyandan ŞOK

Almaniya ordusunun yüksək rütbəli zabitləri fevralın 19-da Krım körpüsünün partladılmasını müzakirə ediblər. 

Globalinfo.az xəbər verir ki, bu iddia ilə rusiyalı jurnalist, “RT” telekanalının rəhbəri Marqarita Simonyan çıxış edib.

O, müzakirənin Almaniya kansleri Olaf Şoltsun NATO-nun Ukrayna münaqişəsinə qarışmadığını elan etdiyi gün baş tutduğunu bildirib.

İddiaya görə, Almaniya Hərbi Hava Qüvvələri Komandanlığının Əməliyyatlar və təlimlər şöbəsinin rəisi Qrefe, inspektoru Gerhartz və Kosmik Komandanlığının Hava Əməliyyatları mərkəzinin əməkdaşları Fenske və Frostedt arasında planlaşdırma aparılıb. Müzakirədə Krım körpüsü və bu ərazidə yerləşən sursat anbarına Almaniyanın Ukrayna ordusuna verəcəyi “Taurus” raketləri ilə hücum edilməsi haqda fikir mübadiləsi aparılıb.

M.Simonyan əlində 40 dəqiqəlik səs yazısının olduğunu vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov sözügedən iddiaya münasibət bildirib.

“Krım körpüsünün partladılması ilə bağlı alman hərbçilərin səs yazısının məzmunundan hələlik xəbərim yoxdur, lakin səs yazısı mövcuddursa, Kreml yəqin ki, onu dinləyəcək”, – o deyib.

Ayşən Mustafa
Globalinfo.az