AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli istefa verib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində paylaşım edib.
A.Yusifli istefasının səbəbini xroniki boykotla əlaqələndirib:
“Başda Əli Kərimli olmaqla Xalq Cəbhəsinin bütün üzvlərinə uğurlar arzulayıram. Uzun müddətli birgə fəaliyyətə görə bütün AXCP üzvlərinə təşəkkür edirəm. Bu gündən etibarən AXCP üzvlüyündən istefa verirəm. Çıxmağımın səbəbi nədir? Xroniki boykot. Prinsipial müxalifət mövqeyində qalıram. Fəaliyyətimi müstəqil olaraq davam etdirəcəm. Növbəti addımlarım haqda ictimaiyyətə məlumat verəcəm”.
Xatırladaq ki, Asif Yusifli Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. O, uzun illər AXCP sıralarında fəaliyyət göstərib. Asif Yusifli hakimiyyətə qarşı radikal, barışmaz mövqeyi ilə tanınıb. Buna görə bir neçə dəfə saxlanılıb, həbs olunub, amma radikal mövqeyindən dönməyib. Onun indiki şəraitdə, xüsusilə də AXCP sədri Əli Kərimlinin məhkəməsinin getdiyi ərəfədə istefa verməsi birmənalı qarşılanmır və bunun arxasında ciddi səbəblərin olduğu deyilir.
İndiyə kimi AXCP-dən bu cür səs-küylü və müəmmalı istefalar çox olub. Görünür, proses hələ bir müddət davam edəcək.
Əliyar Xəlil
Globalinfo.az