Məlum olduğu kimi, AXCP sədri Əli Kərimli hazırda həbsdədir. Buna görə partiyanın funksionerləri, fəalları və digər radikal partiyaların nümayəndələri, eləcə də müxalifyönlü ekspertlər bir mərkəzdən əmr alıbmış kimi “aktivləşiblər”. İllərdir təkrar etdikləri şüarlar və iddialar bir yana qalsın, indi də dövrün şərtləri ilə uyğunlaşmayan, köhnəlmiş arqumentləri dilə gətirirlər.
Son günlər Rusiyada yaşayan azərbaycanlıların sayı ilə bağlı illərlə dövriyyədə saxlanılan “2 milyon” rəqəmi yenidən gündəmə gətirilib. Bu, təkcə statistika məsələsi deyil, həm də siyasi mübarizənin ən rahat, emosional və manipulyativ alətlərindən biridir. Burada məqsəd real demoqrafik mənzərəni göstərmək deyil, hakimiyyətin sosial-siyasi siyasətini böhranın içində təqdim etmək, iqtisadi çətinlikləri miqrasiya axını ilə əlaqələndirmək və bu axını hökumətin idarəetmə zəifliyinin nəticəsi kimi göstərməkdir.
Hər yerdə olduğu kimi, bizdə də müəyyən sosial problemlər var, lakin AXCP funksionerlərinin, fəallarının və digər radikal partiyaların dediyi kimi vəziyyət katastrofik deyil. Rusiyada yaşayan azərbaycanlıların sayı ilə bağlı iddialar həqiqətlə uzlaşmır. Rusiya miqrasiya siyasətini ildən-ilə yüngülləşdirir və ölkə ərazisinin böyük olması və ucuz işçi qüvvəsinə ehtiyacı səbəbindən müxtəlif ölkələrdən miqrantların axını başadüşüləndir. Son illərdə isə Ukrayna ilə müharibə faktoruna görə bu proses müəyyən dərəcədə fərqli motivlərlə aktivləşib.
Rusiyada yaşayan azərbaycanlıların ora necə və hansı səbəblərlə getdiyi də vacibdir. Bir çoxu vaxtilə işləmək və ya təhsil almaq məqsədilə Rusiyaya üz tutub, daha sonra orada qalıb, ailə qurub, övladları doğulub. Bu gün onların varisləri də Rusiyada yaşayır. “2 milyon azərbaycanlı” iddiası isə statistik baxımdan həqiqəti əks etdirmir.
90-cı illərdəki Birinci Qarabağ müharibəsi və o dövrün siyasi qeyri-sabitliyi azərbaycanlıların Rusiyaya üz tutmasında rol oynayıb. AXCP hakimiyyətinin səriştəsizliyi, daxili destabilizasiya və işğal faktorları insanların Rusiyaya üz tutmasına təkan verib. Lakin bu, “Rusiyada 2 milyon azərbaycanlı yaşayır” iddiasını doğrultmur. Bu rəqəm, ictimai narazılığı artırmaq və sosial-iqtisadi sistemin çökməkdə olduğu obrazını formalaşdırmaq məqsədilə uzun illər manipulyativ şəkildə istifadə olunub.
Rəsmi statistik rəqəmlər həmin ritorikanın dayanıqsızlığını açıq göstərir. Miflər faktların qarşısında dağılanda, şişirdilmiş rəqəmlərlə cəmiyyətin siyasi qavrayışını formalaşdırmaq cəhdləri iflasa uğrayır.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı