Əli İnsanovun Prezidentə məktubuna YAP-dan reaksiya

Əli İnsanov növbəti dəfə hakimiyyətə yaxınlaşmaq istiqamətində addım atıb.

O, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə təbrik məktubu yazıb.

Ə.İnsanov məktubda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə Haqq Ədalət Partiyası adından İlham Əliyevi və Yeni Azərbaycan Partiyasının bütün üzvlərini ürəkdən təbrik etdiyini bildirib.

Təxminən 15 gün öncə Əli İnsanov HƏP İdarə Heyətinin toplantısında video formatda ölkə Prezidenti İlham Əliyevi açıq dəstəklədiyini bəyan etmişdi.

Onun son addımları siyasi dairələrdə birmənalı qarşılanmayıb. Sabiq nazirin hakimiyyətə reveranslarını təqdir edənlərlə yanaşı, tənqidi fikirlər bildirənlər də var.

Son zamanlar Əli İnsanov və onun rəhbəri olduğu Haqq Ədalət Partiyasının YAP-a birləşməsi istiqamətində iddialar da səslənir. Bundan öncə Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Yurddaş və Milli Qurtuluş partiyaları da YAP-a birləşmək qərarı vermişdi.

Maraqlıdır, HƏP sadalanan partiyalar kimi YAP-a birləşə bilərmi?

Ümumiyyətlə Əli İnsanovun son zamanlar ölkə başçısının siyasətini dəstəkləməsi nə dərəcədə səmimidir?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, partiyaların qərarlarını onun səlahiyyətli şəxsləri verir:

İqbal Ağazadə müxalifət lideri olmaq » "Dünya" informasiya agentliyi

“HƏP partiyası da Əli İnsanovun rəhbərliyi ilə verilən səlahiyyətlər çərçivəsində siyasi kursunu bu istiqamətdə müəyyən etmək qərarı verib.

Ümumiyyətlə biz Ümid Partiyası olaraq digər müxalif partiyaların siyasi kursunu və ya verdiyi qərarların mühakimə edilməsinin tərəfdarı deyilik. Düşünürəm ki, demokratik sistem arzulayan hər kəs siyasi partiyaların qəbul etdiyi qərarlara hörmət etməlidir”.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov isə deyib ki, HƏP Partiyasının rəhbəri Əli İnsanovun son çıxışlarında iqtidarı dəstəkləmək tendensiyası müşahidə edilir:

“Mən buna təəccüblənmirəm. Əli İnsanov kifayət qədər təcrübəli insandır. Yaşı da ona prosesləri düzgün qiymətləndirməyə və analiz etməyə imkanı verir.

Əli İnsanov bir müddət əvvəl radikal mövqe tutub. Bu gün iqtidarı dəstəkləməsinin motivləri anlaşılandır. İlk öncə onu qeyd edim ki, Əli İnsanovun iqtidarı dəstəkləməklə heç bir vəzifə ya da maddi mənfəət güddüyünü düşünmürəm. Məsələ ondadır ki, Əli İnsanov elə bir yaş dövründədir ona bu şeylərin heç biri gərək deyil. Onun yerində daha gənc bir müxalifət lideri olsa idi, bəlkə də bu gözləntilərdən bəhs etmək olardı.

Əli İnsanov və rəhbəri olduğu HƏP ilk qaranquşdur. Digər müxalif partiyaların da gec-tez mövqeyinin dəyişəcəyini düşünürəm.

Biz son 200 ildir ki, torpaqlarımızı itiririk. Yeganə dövlət başçısı İlham Əliyevdir ki, torpaqlarımızı işğaldan azad edib, tarixi ədaləti bərpa etdi. Bu gün də postmüharibə dövrünün reallıqlarını qəbul etdirməyə nail olur. İşğaldan azad edilən torpaqlarda bərpa işləri sürətlə davam edir.

Əli İnsanov kimi təcrübəli insan bunları analiz etdikdən sonra belə qənaətə gəlməsi normaldır. Reallığı qəbul etmək lazımdır. Reallıq isə ondan ibarətdir ki, tarixi qəlbə ilə İlham Əliyev ölkə və dünya tarixinə öz adını yazdırmağı bacardı”.

Vaxtı ilə Əli İnsanovla eyni iqtidar komandasında çalışmış professor Qabil Hüseynli qeyd edib ki, Əli İnsanovun mövqeyini dəyişməsində qeyri-adi bir şey yoxdur:

Ermənilər Azərbaycanı antiterror əməliyyatlarına təhrik edir” - Qabil Hüseynli

“Ümumiyyətlə, bir şeyi anlamaq lazımdır ki, İlham Əliyev təkcə YAP sədri deyil, ölkəmizin prezidentidir. Prezident kimi isə müxalifətin onu dəstəkləməsində qeyri-adi heç nə yoxdur.

Təcrübə göstərir ki, müharibə zamanı və ya müharibə sonrası müxalif partiyalar şəxsi ambisiyalarını bir kənara qoyub milli maraqları müdafiə edir. Yəni bu istiqamətdə müsbət rəy bildirmək təbiidir.

Bununla belə, mən HƏP-in gələcəkdə YAP-a birləşəcəyini düşünmürəm. Partiyalar bir-birini dəstəkləsə də fərqli görüşlərin olduğu da bəllidir”.

Turan Rzayev
Globalinfo.az