Nazirlər Kabineti 11 sentyabr 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.
Qərara əsasən, notarius icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın əldə olunması barədə şəhadətnamələr verəcək.
Bundan başqa, “İcra haqqında” qanunla müəyyən edilmiş hallarda və müddətdə əmlak notarius vasitəsilə rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında açıq bazarda satıldıqda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına köçürəcək.
X X X
Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alınması barədə üç iş günü müddətində Medianın İnkişafı Agentliyinə məlumat verməlidir.
Globalinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, bununla bağlı “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”na dəyişiklik edilib.
X X X
Nazirlər Kabineti 1 may 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası”nda dəyişiklik edib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra elektron hərracların və ya dəyəri 5 000 manatdan az olan daşınar əmlakın “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə əsasən müəyyən edilən elektron ticarət platformaları vasitəsilə satışı üçün sifarişlərin verilməsinin, tələblərin təmin edilməsinin növbəliyi öyrəniləcək. İndiyə qədər hərracların və yaxud dəyəri 5 000 manatdan artıq olmayan daşınar əmlakın icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində satışı üçün sifarişlərin verilməsinin, tələblərin təmin edilməsinin növbəliyi öyrənilirdi.
X X X
Azərbaycan Respublikasının Nazirlər Kabineti məhkəmə ekspertizası sahəsində yeni qərar qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği” təsdiq edilib.
Sənəd Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına, həmçinin Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında qanuna edilən dəyişikliklərin tətbiqinə uyğun olaraq qəbul olunub.
Bundan əlavə, sənədə ediləcək dəyişikliklər İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması qaydasına uyğun olaraq tənzimlənəcək.

