Elgünün qətli ilə bağlı vacib açıqlama: “Öncədən planlaşdırılıb…”

gence

Gəncədə öldürüldüyü deyilən Elgün İbrahimovla bağlı sosial şəbəkələrdə müxtəlif iddialar irəli sürülür. Bildirilir ki, 18 yaşlı gənc əslində qətlə yetirilməyib, intihar edib. Bu məlumat birmənalı qarşılanmayıb və ictimaiyyətdə narazılığa yol açıb.

Globalinfo.az-a danışan kriminalist Şəmsəddin Əliyev deyib ki, əgər bu doğrudan da intihardırsa, o zaman bu işdə kimin əli varsa, üzə çıxarılmalıdır.

Onun fikrincə, əgər mərhumun hündürlükdən tullanma, intihar və ya nəqliyyat vasitəsi tərəfindən vurulması faktları döyülməsindən sonra baş veribsə, bu, qəbuledilməz cinayətdir:

“Yayımlanan məlumatlardan belə aydın olur ki, mübahisə zəminində onu bəlkə də məcbur ediblər, ünvanına təhqiramiz ifadələr işlədiblər, bu da həmin yerə getməsinə səbəb olub. Hadisə baş verən yer insanların olmadığı bir ərazidir. Görünür, orada ona xüsusi amansızlıqla zərbələr endirilib. Buradan ehtimal etmək olar ki, həmin şəxslərin məqsədi mərhumu tam zərərsizləşdirmək olub. Bu, vətəndaşların həyat və sağlamlığına qarşı yönəlmiş və eyni zamanda ləyaqətini, hüquq və azadlıqlarını hədəfə alan bir cinayətdir. Xəsarət yetirən şəxslər nə etdiklərini çox gözəl anlayıblar və bu əməllərinin nəticələrini də əvvəlcədən biliblər. Çünki onlar əlindəki kobud alətlərlə birbaşa baş nahiyəsinə zərbə vurublar. Bu da insan həyatına son qoya bilir. Öncədən planlaşdırılmış işdir”.

semseddin 1

Şəmsəddin Əliyev

Kriminalist hadisənin ehtiyatsızlıqdan törədilməsinə inanmadığını deyib:

“Hündürlükdən tullanması fərziyyəsi ciddi şəkildə araşdırılmalıdır. Əgər hadisədən sonra mərhumun haradansa tullanması və ya avtomobil qəzasına düşməsi iddiası varsa, bu, artıq intihara vadar etmə əlamətlərindən hesab olunur. İntiharı doğuran səbəblər var və Cinayət Məcəlləsində “özünü öldürmə həddinə çatdırma” ayrıca bir maddə kimi nəzərdə tutulub. Orada qeyd olunur ki, əgər şəxsin ruhi xəstəliyi yoxdursa və öz hərəkətlərini idarə edə bilirsə, biz bunu ruhi xəstəlik kimi dəyərləndirə bilmərik. Belə bir vəziyyət əsasən sevgi münasibətlərində uğursuzluq, ailə təzyiqləri, narkotik və alkoqolun təsiri nəticəsində baş verə bilər. Ortada bir səbəb yoxdursa, necə ola bilər ki, birdən-birə intihar edib? İnanmıram ki, prokurorluq və Daxili İşlər Nazirliyi cəmiyyəti, eləcə də mərhumun ailəsini qeyri-sağlam mövqeyə yönəltsin. Burada artıq ictimai rəy formalaşıb, sosial şəbəkələrdə ciddi müzakirələr və fərziyyələr səsləndirilir. Bu da istintaqa bir növ mesajdır ki, obyektivlik qorunsun”.

Zaira Akifqızı
Globalinfo.az