Elçin Sadıqov gələrsə, onu burada dəfn edəcəm – Əvəz Zeynallı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallı və “Səda TV” “Youtube” kanalının rəhbəri Elnur Şükürovun növbəti məhkəmə iclası keçirilib.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs qismində olan Elçin Sadıqov ərizə ilə məhkəməyə müraciət edib.

Müraciətində göstərib ki, bu gün də təqsirləndirilən şəxs qismində olduğu üçün şahid kimi ifadə verə bilməz. Ona görə ifadədən imtina etdiyini bildirib. Vəkil onun ibtidai istintaqdakı ifadəsini təsdiq edib.

Hakim bildirib ki, Elçin Sadıqovun iş üzrə ifadəsi əhəmiyyət kəsb etdiyindən dindirilməsi ilə bağlı tərəflərin fikrini soruşub. Hakimlər müşavirə keçirərək Elçin Sadıqovun mütləq şəkildə məhkəmədə dindirilməsini tələb edib.

Əvəz Zeynallı prosesin gedişinə münasibət bildirib:

“Bir dəli quyuya daş atdı, min ağıllı qalıb onun əlində”.

Hakim Əvəz Zeynallının ifadəsinə deyib:

“Heç kim onun əlində qalmıyıb”.

Əvəz Zeynallı:

“Biz Elçin Sadıqovla bir yerdə tutulmuşuq. Tutulma səbəbimiz isə əlbir olub Rasim Məmmədovdan pul almağımızdır. Elçin burda təqsirləndirilən şəxsdir, şahid yox. Yaramaz, dəllal. Onun ifadəsini sübutlar siyahısından çıxarın. O, təqsirləndirilən şəxsdir. Cinayət işləri birləşdirilsin”.

Əvəz Zeynallı Elçin Sadıqov gələrsə, onu burda dəfn edəcəyini deyib:

“Elçin bura gəlib ifadə versə, elə onu bu kürsüdə dəfn edəcəm. And içdiyi yerdə dəfn edəcəm. Dəllaldı o”.

Bundan sonra, hazırda həbsdə olan “Baku Steel Company” MMC-nin sabiq rəhbəri Rasim Məmmədovun sürücüsü Elnur Bəxşəliyev ifadə verib.

O, bu məsələdə işinin yalnız zərfin Elçin Sadıqova çatdırmaqdan ibarət olduğunu deyib:

“Mərdəkanda bağ evində məni çağırdılar. Mehriban xanım mənə zərf verdi. Pula oxşayırdı. Vəkil Elçin Sadıqova çatdırmalı idim. Nizami rayon Polis İdarəsinin qarşısında məni gözləyirdilər. Apardım pulu verdim ona qayıtdım. Elçin Sadıqovu əvvəldən tanıyıram. Ailənin vəkili idi. Sənədləri aparıb gətirirdim”.

Elnur Baxşəliyevin istintaqdakı ifadəsi ilə ziddiyyətlər olduğu üçün məhkəmədə onun istintaq zamanı verdiyi ifadə elan edilib. Şahid istintaqda apardığı zərfin içərisində 20 min manat olduğunu desə də, məhkəmədə zərfə baxmadığını, məbləğdən isə xəbəri olmadığını deyib.

E.Baxşəliyev zərfin qırağının aralı olduğunu, göy rəngdə pul gördüyünü deyib.

Daha sonra, məhkəməyə gəlməyən şahid qismində olan iki polisin istintaqdakı ifadəsi elan edilib.

Məhkəmənin sonunda Əvəz Zeynallı vəsatət qaldırıb. O, məhkəmədən Elnur Şükürovun ev dustaqlığına buraxılmasını istəyib.

Hakim Əli Məmmədov bu məsələyə növbəti iclasda baxacaqlarını deyib.

Məhkəmənin növbəti iclası noyabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onu həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.