Ankara Məhkəməsinin qərarı ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayının nəticələrinin ləğv edilməsindən sonra Kamal Kılıçdaroğlu yenidən sədr vəzifəsinin icrasına başlayıb. Digər tərəfdən, qurultay qərarı ilə sədr seçilən Özgür Özəl də rəhbərlik iddiasından əl çəkmək niyyətində olmadığını göstərir.
Bir tərəfdə məhkəmə qərarı ilə yenidən partiya rəhbərliyinə qaytarılan Kamal Kılıçdaroğlu, digər tərəfdə isə “mübarizə bitməyib” mesajı verən Özgür Özəl var.
CHP iki yerə bölünə bilərmi? Türkiyənin ana müxalifət partiyasını Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) taleyi gözləyir?
Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Türkiyə və Azərbaycanda siyasi partiyalar əsasən liderlər ətrafında formalaşır:
“Bəzən hansısa səbəbdən lider olmursa, siyasətdən uzaqlaşır və ya vəfat edirsə, partiya da zəifləyir, hətta dağılır. Məsələn, Türkiyənin keçmiş prezidenti Turgut Özal dövrü üçün çox güclü fiqur idi. Lideri olduğu Ana Vətən Partiyası (ANAP) onun vəfatından sonra zəiflədi və hazırda bu adda partiya demək olar ki, mövcud deyil. Başqa bir örnək isə Süleyman Dəmirəlin Doğru Yol Partiyasıdır. Bu partiya da vaxtilə güclü olsa da, Dəmirəlin siyasətdən gedişindən sonra sıradan çıxdı.
Azərbaycanda da mərhum prezident Əbülfəz Elçibəy vəfat etmədən əvvəl AXCP sədri idi. Lakin vəfatından sonra qısa müddət ərzində partiya bir neçə yerə bölündü.
Lakin CHP bir qədər fərqlidir. Bu partiya ideologiya əsasında formalaşan partiyadır. Əlbəttə, lider burada da önəmlidir. Partiyanın qurucusu Mustafa Kamal Atatürkdür. Bu partiyada müxtəlif liderləri dəyişib, lakin təşkilati baxımdan mövcudluğunu qoruyub. İndiki vəziyyət isə partiya üçün ciddi zərbədir.

Elxan Şahinoğlu
78 yaşlı siyasətçi Kamal Kılıçdaroğlu 2010-cu ildə partiyanın keçmiş sədri Dəniz Baykalın seks qalmaqalına görə istefa verməsindən sonra rəhbərliyə gəldi. Sədr olduğu illərdə parlament, bələdiyyə və prezident seçkilərinin demək olar ki, hamısında məğlub oldu. Elə ki Özgür Özəl partiya sədri seçildi, 47 ildən sonra bələdiyyə seçkilərində CHP qalib gəldi. Tarixin ironiyasına baxın ki, seçkilərdə məğlub olan şəxs çevriliş yolu ilə Özgür Özəlin yerinə gəlib.
Əlbəttə, indiki hadisələr fonunda partiyanın parçalanma ehtimalı var. Lakin partiyanın böyük qismi Özgür Özələ dəstək verir”.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay isə deyib ki, hadisənin iki yönü var:
Əsas yön ondan ibarətdir ki, gənc və “lümpen” CHP kadrları Əkrəm İmamoğlu ilə birlikdə, Prezident Rəcəb Tayyib Ərdoğanın istifadə etdiyi yol və metodlarla iqtidara gəlmək istəyirlər. Bu niyyəti reallaşdırmaq üçün Kılıçdaroğlunu hüquqdan kənar üsullarla partiyadan uzaqlaşdırıb öz yollarını qurmağa çalışıblar.
Qurultay qərarının ləğv edilməsindən sonra Özgür Özəlin ətrafında toplanan gənc kadrlar Kılıçdaroğlunu hüquqdan kənar üsullarla prosesdən uzaqlaşdırıblar. Amma bu prosesdə əsas həqiqət nəzərdən qaçırılır. Kılıçdaroğlu Ərdoğan qarşısında həm gündəmi müəyyən edən, həm də geniş müxalifət spektri yaradan balans qura bilmişdi. Hökumət onun kənara çəkilməsindən sonra əlində olan media, təhlükəsizlik və digər təsir vasitələrindən istifadə edərək bu gənc CHP qrupu ilə bağlı ictimai rəydə korrupsiya, rüşvət və etik pozuntularla ittiham olunan görüntü formalaşdırdı”.
Politoloq bildirib ki, əslində, prosesi başladan tərəf Hatay Böyükşəhər Bələdiyyəsinin sədri Lütfi Savaşdır:
“Yəni proses əsasən partiya daxili mübarizənin nəticəsidir. İmamoğlu partiyanı öz xəttinə uyğun formalaşdırarkən potensial rəqibləri kənarlaşdırıb. Seçilə biləcək namizədlərin müəyyənləşdirilməsində Əkrəm İmamoğlunun birbaşa rol aldığı iddia edilir və bu barədə məhkəmə materiallarına istinad olunur. Məsələn, Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böceyin sədr seçilmək üçün İmamoğlu və Özələ 20 milyon dollar verdiyinə dair iddialar var.
Lütfi Savaş eyni dövrdə sədrliyə namizədlik prosesindən əvvəlcə kənarlaşdırılıb, sonra isə İmamoğlunun gələcəkdə rəqib ola biləcəyi ehtimalı ilə yenidən partiyaya qəbul edilib. Daha sonra Savaşın müqaviməti nəticəsində namizədliyi təsdiqlənib, amma CHP mərkəzi qərargahı Hatayda kampaniyaya ciddi dəstək verməyib. Nəticədə Savaş seçkini uduzub. O, daxili mübarizə zamanı qurultayda gördüyünü iddia etdiyi qanunsuzluqları əsas gətirərək məhkəməyə müraciət edib.
Özgür Özəlin bələdiyyə seçkilərini qazandıqdan sonra ilk addımı İmamoğlunun prezidentliyə namizədliyini ön seçki ilə gündəmə gətirmək olub. Bu isə onun partiya liderindən çox, Əkrəm İmamoğlunun siyasi xəttini idarə edən fiqur kimi çıxış etməsi iddialarını gücləndirib.
CHP bu proseslərdə hökuməti ittiham etsə də, partiya daxilindəki İmamoğlu xəttini gözardı edir. Özəl məhkəmə qərarının bu nəticəni verəcəyini əvvəlcədən nəzərə alaraq daimi gərginlik yaradıb və ictimai rəydə qərarın siyasi olduğu fikrini formalaşdırmağa çalışıb. Amma məhkəmə təqdim olunan sübutları qiymətləndirərək qurultayda rüşvət və səsverməyə təsir halları olduğunu müəyyənləşdirib və nəticələri ləğv edib. Bununla da Kılıçdaroğlunun vəzifəsinə qayıtması qərarı verilib.

Hasan Oktay
Politoloqun sözlərinə görə, burada İmamoğlu faktoru olmasaydı, Özəl CHP daxilində parlament qrupunun üzvü səviyyəsində qalacaqdı:
“Lakin İmamoğlunun müdaxiləsi ilə partiya rəhbərliyinin tam təhvil verilməməsi üçün müqavimət formalaşıb. Amma məhkəmə qərarının icrası Türkiyədə məcburidir və bu səbəbdən hüquq-mühafizə orqanları prosesə müdaxilə edib.
Kamal Kılıçdaroğlu ilə bağlı qiymətləndirmələr isə əsassız sayılır, çünki o, hüquqi proses nəticəsində yenidən vəzifəsinə qayıdıb. Prosesi başladan tərəf isə Lütfi Savaşdır.
Özəlin rəhbərliyi tərk etməməsi hüquqdan kənar davranış kimi qiymətləndirilir. Bu gedişat CHP daxilində parçalanma ehtimalını artırır və hətta yeni partiyanın yaradılması variantları da gündəmə gəlir.
Digər tərəfdən, mövcud vəziyyət hökumətə siyasi üstünlük yaradır. Güclü müxalifət partiyasının daxili böhran yaşaması hakimiyyət üçün əlavə imkan formalaşdırır.
Kamal Kılıçdaroğlu partiyada yenidən mövqeyini gücləndirməyə çalışır və CHP-ni bütöv saxlayaraq gələcək seçkilərə hazırlıq aparır. Bu prosesdə isə Özgür Özəl və Əkrəm İmamoğlu tərəfi hələlik üstün mövqe qazana bilmir”.
Turan Rzayev
Globalinfo.az