Ekspertdən uşaqpulu ilə bağlı ŞOK TƏKLİF – İqtisadçı qarşı çıxdı

Hüquqşünas Əkrəm Həsənov cəmiyyətdə şok effekti yaradan təkliflə çıxış edib. O bildirib ki, əmanətlərdən vergi tutulmalı, varlı şəxslərin villaları yüksək vergiyə cəlb olunmalıdır.

Globalinfo.az xəbər verir ki, hüquqşünas buradan gələcək gəlirin uşaqpulunun mənbəyi ola biləcəyini qeyd edib:

“Fevralın 1-də Vergi Məcəlləsinin 102.1.22-ci maddəsi ilə əmanətlər üzrə faiz gəlirinin 7 il müddətinə (2016-cı ildən) vergidən azad olunması haqda müddəası qüvvəsini itirəcək. Həmin gəlir üzrə Məcəllənin 123-cü maddəsinə əsasən 10% vergi tutulacaq. Bu gün manat əmanətçiləri banklardan təxmini 10% illik gəlir götürürlər. Vergi ödədikləri halda 10% deyil, 9% gəlir əldə edəcəklər. Elə də böyük fərq deyil. Buna görə də əmanətlərin ciddi azalması üçün əsas yoxdur. Əslində, 10% vergi azdır, heç olmasa, 20% tutmaq lazımdır!”

Ə.Həsənov vurğulayıb ki, illər boyu əmanətçilərin faiz gəliri üzrə vergi ödəməməsi düzgün deyildi:

“Necə olur ki, kasıb vətəndaş gəliri üzrə 14%, xərci üzrə 18% (ƏDV), üstəlik əmlak və torpaq vergisi ödəyir, amma artıq pulu olan əmanətçi 10%-lik vergini ödəmir? Ailələr var ki, banklarda milyonlarla vəsait saxlayır. Xeyir ola vergi vermirlər?

Bütövlükdə vergi sisteminə yenidən baxılmalıdır. Varlılar daha çox vergi ödəməlidir. Xüsusən də torpaqları və malikanələri üzrə. Kasıbın daxması və zənginin villasından eyni verginin tutulması ədalətsizliyin pik həddidir! Varlılardan toplanılan verginin ilk təyinat yeri kasıblara uşaqpulunun verilməsi ola bilər”.

İqtisadçı Natiq Cəfərli isə bu fikirlə razı olmadığını bildirib:

“Əmlak vergisi, sözsüz ki, olmalıdır, amma uşaqpulunu yalnız bununla həll etmək mümkün deyil. Çünki ölkədə 0-18 yaş arası 2.7 milyon uşaq var. Onlara heç olmasa 50 manat verilsə, bu, bir milyarddan çox vəsait edir. Əmlakdan isə o qədər vergi toplana bilməz.

Əmlak vergisi mövcuddur, sadəcə, onun yerinə yetirilmə prosedurunda problemlər var. Demək olar ki, bizdə əmlak vergisi kağız üzərində qalır. Çünki bu iş bələdiyyələrə həvalə edilib. Onların da belə bir səlahiyyəti yoxdur ki, vergi toplaya bilsinlər. Ona görə də bu işlərlə uşaqpulu məsələsi həll olunmaz”.

Zaira Akifqızı
Globalinfo.az