III Dünya müharibəsi başlayıb – Bakının mövqeyi belə olmalıdır

Dünya geosiyasəti son zamanların ən gərgin dövründən keçir. Rusiya-Ukrayna, Ermənistan-Azərbaycan gərginliyinin davam etdiyi bir zamanda İsrail ilə HƏMAS arasında müharibə başladı. Bəzi ekspertlər bunu Üçüncü Dünya müharibəsi kimi qiymətləndirirlər.

Maraqlıdır, “hazırda Üçüncü Dünya müharibəsi gedir” fikri nə dərəcə doğru yanaşmadır? Bu proses hara qədər davam edəcək və nə ilə yekunlaşacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, hazırda faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir, sadəcə elan olunmayıb:

“Həm Şərqi Avropa, həm də Yaxın Şərqdəki döyüşlər fonunda dünya dövlətləri tədricən öz tərəflərini seçməyə başlayacaq. Bu isə hazırda davam edən Üçüncü Dünya müharibəsinin elan olunması deməkdir.

İndiki situasiyada rəsmi Bakı mümkün qədər balanslı siyasət yeritməlidir. Tərəf tutmaq Üçüncü Dünya müharibəsinin iştirakçısı olmaq deməkdir. Biz mümkün qədər bu təhlükədən sığortalanmalıyıq.

Kənan Novruzov

İsraillə Fələstin arasında başlayan müharibə ilə Üçüncü Dünya savaşı ehtimalı daha da artıb. Dediyimiz kimi, nəinki regionun, dünyanın xəritəsi dəyişir. Yeni dünya nizamı yaranır. Düşünürəm ki, Ukraynadakı müharibə başa çatana qədər Üçüncü Dünya müharibəsi faktiki olaraq elan ediləcək. Bu isə o deməkdir ki, yeni regional savaşlar başlayacaq, dondurulmuş münaqişələr gündəmə gələcək.

Bütün bunların fonunda nüvə silahının tətbiqi ehtimalı da artmaqdadır. Məşhur fizik Albert Eynşteyn vaxtilə demişdi ki, Üçüncü Dünya müharibəsinin necə keçəcəyini bilmirəm, amma Dördüncü Dünya müharibəsində ox və kamandan istifadə olunacaq. Proses ona doğru gedir. Çünki hazırkı proseslər, o cümlədən yüksək dəqiqlikli silahlardan istifadə, radiasiya və s. bəşəriyyəti təhdid edir, sivilizasiyaya zərbə vurur”.

Turan Rzayev
Globalinfo.az