Ekspertdən şok iddia: “Priqojin sağdır, ölən başqasıdır”

“Yevgeni Priqojin kimi insanlar heç vaxt tamamilə silinmir. Bu kimi insanlar düşünüldüyündən də çox informasiyaya, gizli məlumatlara sahib olur. Putinin onu belə tez gözdən çıxarması, ölüm əmrini verməsi inandırıcı deyil”

Bu sözləri Globalinfo.az-a politoloq Ramiyə Məmmədova “Vaqner” muzdlularının rəhbəri Yevgeni Priqojinin ölümünün pərdəarxası məqamları haqda danışarkən deyib.

Onun sözlərinə görə, Priqojin Putinə qarşı heç vaxt gəlməyib:

“Priqojin 1990-cı ildən bəri Putinin bütün əmirlərini qeyd-şərtsiz yerinə yetirən bir insandır. Təsadüfi deyil ki, onu “Putinin aşbazı” adlandırırlar. O, Putin üçün dəfələrlə siyasi rəqiblərini aradan götürüb. Rusiyadakı bir çox sirli siyasi qətlin arxasında məhz Priqojin dayanır.

Putinə bu qədər sədaqətlə bağlı olan bir şəxsin ona qiyam qaldırması, ya da etiraz etməsi inandırıcı deyil. Putinin də bu qədər yaxın bir adamını bir səhvinə görə gözdən düşürməsi, ölüm əmrini verməsi real deyil.

Rusiya-Ukrayna müharibəsi gedişində Priqojin bir çox video müraciətləri oldu. Bir çoxları bu müraciətlərin məhz Putin əleyhinə olduğunu düşünsə də əslində bir dəfə də olsun onun adını çəkməyib. Priqojin daha çox Rusiya müdafiə naziri Sergey Şoyqu və ona sadiq generalları tənqid edirdi. Məsələ ondadır ki, Şoyqu Priqojini sevmirdi. Son zamanlarda ona gələn pulların qarşısını almışdı. Priqojin ən çox bu vəziyyətə etiraz edirdi”.

Ramiyə Məmmədova 

Politoloq Priqojinin ölüm xəbərinin müəmmalı olduğunu onun, həyatda ola biləcəyini iddia edib:

“Priqojinin ölməsi sual altındadır. Məsələ ondadır ki, Priqojin kimi bir insan heç vaxt tədbirsiz hərəkət etmir. Bu mənada onun bir neçə oxşarı vardı. Təbdir məqsədi ilə o bir çox yerə oxşarını göndərir, daha sonra özü gəlirdi. Bu mənada hadisə zamanı onun deyil, onun oxşarının həyatını itirmə ehtimalı yüksəkdir.

Digər tərəfdən, onun səyahət etdiyi biznes jetlər müəmmalıdır. Belə ki, Proiqojinin iki təyyarəsinin olduğu deyilir. Onun bunlardan birində – yəni qəza keçirən təyyarədə olmama ehtimalı yüksəkdir”.

Turan Rzayev
Globalinfo.az