69f9d57d9cc3b69f9d57d9cc3c177798079769f9d57d9cc3869f9d57d9cc39 26

Azərbaycanlı yazıçı Əkrəm Əylislinin “Ağaclar və adamlar” trilogiyası — ingilis nəşrində People and Trees: A Trilogy — 2026-cı il Avropa Yenidənqurma və İnkişaf Bankının Ədəbiyyat Mükafatının üç finalçısından biri seçilib.

Globalinfo.az xəbər verir ki, AYİB-in məlumatına görə, bu il müstəqil münsiflər heyətinə yazıçı, tənqidçi və mədəniyyət jurnalisti doktor Maya Jaggi sədrlik edir. Maya Jaggi Əkrəm Əylislinin əsərini İkinci Dünya müharibəsi dövründə sovet Azərbaycanının dağ kəndində cərəyan edən “valehedici böyümə hekayəsi” kimi xarakterizə edib. Onun sözlərinə görə, uşaq baxışı ilə təqdim olunan trilogiya qadınların ağır həyatını, eyni zamanda onların ruh yüksəkliyini və müqavimət gücünü göstərir.

Qalib iyulun 2-də AYİB-in Londondakı baş qərargahında keçiriləcək mərasimdə elan olunacaq. 20 min avro məbləğində əsas mükafat qalib müəllif və tərcüməçi arasında bərabər bölünəcək. Digər finalçıların müəllifləri və tərcüməçiləri isə hər biri 2 min avro alacaqlar.

Qeyd edək ki, AYİB Ədəbiyyat Mükafatı 2018-ci ildən etibarən bankın sərmayə yatırdığı ölkələrdən birinin dilində yazılmış, ingilis dilinə tərcümə olunmuş və son bir ildə nəşr edilmiş bədii əsərlərə verilir.

Paylaş: