Anar Əkbər Qoşalını belə təbrik etdi – MƏTN

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar şair Əkbər Qoşalını təbrik edib.

Globalinfo.az həmin təbriki təqdim edir:

“Əkbər Qoşalının həm xalq şeirindən, folklordan qaynaqlanan, həm də sərbəst şeirimizin ənənələrinə söykənən poeziyası öz oxucusu ilə asanlıqla dil tapıb. Bəzən lirik səciyyəli, bəzən Vətənə, torpağa sevgidən ilhamlanan maraqlı şeirləri oxucularının qəlbini oxşayıb. Əkbər Qoşalı həm də o ədəbi isimlərdəndir ki, ömrünün düz yarısını yazıb-yaratmaqla yanaşı ardıcıl və məhsuldar şəkildə ədəbiyyatımızın təbliğinə, türkdilli ölkələr və xalqlar arasında ədəbi mübadilə işinin təşkilinə həsr edib. Bu işdə çoxlu uğurlar qazanıb.

Əsərləri onlarla dilə tərcümə edilərək nüfuzlu dərgilərdə, ayrıca kitablar kimi nəşr edilib. Prezident təqaüdünə layiq görülüb. Əkbər həm ədəbiyyata, sözə, həm də həqiqi vətəndaş və ziyalı kimi dövlətə və xalqa səmimiyyətlə xidmət edib.

Çağdaş Azərbaycan şeirinin istedadlı nümayəndəsi Əkbər Qoşalının 50 yaşı tamam olur. Əkbəri təbrik edirəm. Qoy ömrü bundan sonra da elə əvvəlki kimi dolğun, yaradıcılıq coşqusu ilə keçsin”.

Malik Liftiyev
Globalinfo.az