Polkovnik sirrini açdı: “Bunu təkcə ailəm bilir”

“Ailəmdən başqa kimsə harada olduğumu bilmədi, amma mən antiterror əməliyyatında iştirak etdim”.

Bu sözləri Globalinfo.az-a Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik Azay Kərimov deyib.

O, 31 il sonra Qarabağa bələdçi olaraq qayıtdığını deyib:

“31 il əvvəl 2 il 8 aylıq mühasirədən sonra kənd camaatı ilə hansı yol və cığırla çıxmışdıqsa, həmin yerlərlə də həm döyüşçü kimi, həm də əsgərlərimizə bələdçi olaraq geri qayıtdım. Nəticədə Malıbəyli və Quşçular kəndi tam olaraq azad edildi”.

Azay Kərimov

O, hazırda Qarabağda olduğunu bildirib:

“Azad olunmuş torpaqlarımızı minadan təmizləyirik. Bir tərəfimizdə düz İran sərhədinə kimi Xocalı, Xocavənd, Füzuli, Cəbrayıl rayonlarıdır. Bizim işimiz müharibədən çətin və təhlükəlidir. İyi-qoxusu yox, gözlə görünmür, səsi eşidilmir, yeri bilinmir, heç kimlə dostluq etmir. Bir sözlə, mina torpağın altında istirahət edən gizli və çox təhlükəli düşməndir”.

Zaira Akifqızı
Globalinfo.az