Təyyarə qəzasında xilasetmə əməliyyatının görüntüləri yayıldı – VİDEO

“Taliban” Əfqanıstanda təyyarə qəzasından xilas olanların görüntülərini paylaşıb. Kadrlarda Bədəxşandan aparılan axtarış-xilasetmə əməliyyatı əks olunub.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, “Falcon 10”un qəzasından sağ qalan dörd nəfər (həkimlər İqor Sıvorotkin və Pavel Popov, pilotlar Dmitri Belyakov və Arkadi Qraçov) Kabil xəstəxanasına aparılıb, orada həkimlər tərəfindən müayinə olunublar. Onların həyatı təhlükədə deyil. Heyət üzvləri üçün artıq Rusiyadan təyyarə göndərilib.

Sərnişinlər – biznesmen Anatoli Yevsyukov və onun həyat yoldaşı barədə məlumat verilmir. Onlar rəsmi olaraq itkin düşmüş şəxslər siyahısındadır (Bundan əvvəl TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla onların öldüyünü xəbər vermişdi).

***11:50

Rusiyaya məxsus “Falcon 10B” təyyarəsinin Əfqanıstanda qəzaya uğramasından sonra sağ qalan şəxslərin ilk görüntüləri ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto və videolar yayılıb.

Görüntülərdə qəzadan sonra təyyarənin qalıqları və sağ çıxan 3 nəfərin vəziyyəti əks olunub.

Məlumata görə, sağ qalanlar hazırda Əfqanıstanda kəndlərin birində yerləşdiriliblər. Taliban hökumətinin onların vəziyyətinə nəzarət etdiyi bildirilir.

Qeyd edək ki, Hindistandan Moskvaya uçan sərnişin təyyarəsi Əfqanıstanın şimal-şərqində qəzaya uğrayıb. Göyərtədə olan 6 nəfərdən ikisi ölüb. Onların rusiyalı məşhur iş adamı və onun həyat yoldaşı olduqları açıqlanıb.

Əliyar Xəlil
Globalinfo.az