Ədəbiyyata sadəcə dərs kimi baxmaq lazım deyil – Hafiz Paşayev

“Sürətlə dəyişən dünyada tədris edilən proqram və dərsliklər daim yenilənməli, tədris materialları gerçək həyata yaxınlaşdırılmalıdır”.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gənclərin müasir texnologiyalara həvəsini nəzərə alaraq təhsildə interaktiv metodların və yeni alətlərin istifadəsi təmin olunmalıdır:

“Xüsusilə vurğulamaq istəyirəm ki, ədəbiyyat dərsinə sadəcə dərs kimi baxmaq lazım deyil. Yaradıcı vətəndaş yetişdirməyin ən təsirli yolu gəncləri bədii ədəbiyyata həvəsləndirməkdədir. Gənclərin kamilləşməsi, həyata düzgün baxışlarının formalaşmasında ədəbiyyatın, xüsusilə klassik əsərlərin rolu böyükdür. Bu yolla hətta tarixin də daha mükəmməl və həvəslə öyrənilməsinə nail ola bilərik. Buna görə ədəbiyyat dərslərinin məzmuna, metodikasına, təşkilinə daha çox diqqət ayrılmalıdır”.