Ədalət Partiyasının qurultay tarixi bəlli oldu

photo 277211

Ədalət Partiyası növbəti – IX Qurultayını mayın 17-də keçirəcək. Qərar bu gün baş tutan Ali Məclisin iclasında qəbul olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimov məlumat verib.

Ali Məclisin iclasında partiyanın 56 rayon təşkilatından bir nümayəndə və ötən qurultayda seçilmiş 15 nəfərdən ibarət üzvlər iştirak etmək hüququna malik olub. Qeyd edək ki, bu şəxslərdən 6 nəfəri artıq vəfat etdiyindən onların yerinə rotasiya qaydasında əvəzləmə aparılmayıb.

Beləliklə, iclasda ümumilikdə 65 nəfərin iştirak hüququ olub ki, onlardan 56-sı iştirak edib. İştirakçılardan 39 nəfər iclasa “Zoom” platforması vasitəsilə onlayn şəkildə qoşulub, 17 nəfər isə fiziki olaraq iştirak edib.

İclasda qurultaya hazırlıqla bağlı məsələlər müzakirə olunub və yekdilliklə mayın 17-də partiyanın növbəti qurultayının keçirilməsi qərara alınıb. Həmçinin qurultaya hazırlıq üzrə 11 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Komitə yaxın günlərdə ilk iclasını keçirəcək, sədr və müavinlərini seçəcək, eləcə də qurultayın təşkili ilə bağlı qrafik müəyyənləşdirəcək.

Bundan əlavə, Ali Məclis partiya daxilində pozuculuq fəaliyyəti ilə məşğul olan şəxslərin hərəkətlərini pisləyən bəyanat da qəbul edib. Bildirilib ki, bu cür davranışlar Ədalət Partiyasının mənəvi və siyasi prinsipləri ilə uzlaşmır.

2ae13170 baa4 47dd 8861 ae2a796e6583 scaled