DYP uzaq yola çıxanları niyə saxlayır? – VİDEO

Dövlət Yol Polisinin (DYP) ərazilərdə fəaliyyət göstərən stasionar postlarında sürücülərə su və qısamüddətli istirahət təklif olunub.

Bu barədə Globalinfo.az-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, isti hava şəraiti ilə əlaqədar sürücülərə çağırış edilərək onlara yorğun, yuxusuz halda sükan arxasına əyləşməmək, uzaq məsafələrə səyahət edərkən hər iki-üç saatlıq hərəkətdən sonra qısamüddətli istirahət etmək tövsiyə olunub.

Bununla yanaşı, hazırda DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yol-patrul xidməti alayının əməkdaşları tərəfindən yük və sərnişin daşıyan nəqliyyat vasitələrinin sürücüləri ilə isti hava şəraitində yarana biləcək xoşagəlməz hallarla bağlı qabaqlayıcı söhbətlər aparılır, onlara sərin su, qısamüddətli istirahət təklif olunur.

Məlumat üçün bildiririk ki, DİN BDYPİ-nin respublika əhəmiyyətli avtomobil yolları üzərində yerləşən bütün stasionar postlarında hərəkət iştirakçılarına əl-üz yumaq, sərinləmək, yaxud qısamüddətli istirahət etmək üçün müvafiq şərait yaradılıb.