“Düşmən Ağdamda üç dəfə hücuma keçdi…” – Baş çavuş

“Vətən müharibəsi zamanı bizim işimiz Ağdam istiqamətində düşmənin əsas qüvvələrinin diqqətini öz üzərimizə cəmləşdirərək Ordumuzun digər istiqamətlərdə uğurlu əməliyyatlar aparmasına şərait yaratmaq idi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Ordusunun baş çavuşu Yasin Alıyev “Report”a açıqlamasında deyib.

“Biz həmçinin erməni qüvvələrini aldatmaq və qoşunlarımızın digər istiqamətlərdə hücuma keçməsini yüngülləşdirmək tapşırığı almışdıq.

Top komandiri olaraq, mənim üçün ən uğurlu və yaddaqalan döyüşlər Ağdam istiqamətində oldu. Xüsusi qeyd edim ki, müdafiə döyüşləri artilleriya üçün ən çətin döyüş növüdür. Bizim üzərimizə düşən vacib və dəqiq vəzifə ondan ibarət idi ki, düşmənin birinci müdafiə xəttini sıradan çıxaraq və onların əlavə mövqelərindəki qüvvələrini bura cəlb edək. Çünki qarşı tərəf düşünürdü ki, Azərbaycan Silahlı Qüvvələri hərbi əməliyyatlara Ağdam istiqamətindən başlayacaq. Ona görə ermənilər ən güclü istehkamlar qurğularını, artilleriya qüvvələrini məhz Ağdam istiqamətinə cəmləmişdilər. Onlar bizim tarixi ərazilərimizdə “Ohanyan səddi” mifi yaratmışdılar”.

Baş çavuş döyüşün ilk gününü belə xatırlayır:

“Demək olar ki, dayanmadan artilleriya atışları etdik. Düşmən oktyabrın 5-6-da daha güclü müqavimət göstərdi. İtkilərimiz oldu. Hərbi qulluqçularımız – kapitan Əsəd Həsənov, çavuş Orxan Möhsümzadə, əsgər Nurlan Ağakişiyev şəhidlik zirvəsinə ucaldılar. Onları itirmək məni çox sarsıtdı. Ordumuzun şücaəti və qəhrəmanlığı sayəsində düşmən qarşımızda tab gətirə bilmədi. Biz burada müdafiəni güclü şəkildə quraraq ermənilərin üç fərqli vaxtda hücumunun qarşısını aldıq. Bu zaman Azərbaycan Silahlı Qüvvələri cəbhənin digər istiqamətlərindən hücuma keçərək torpaqlarımızı işğaldan azad etməyə müvəffəq oldu”.