Dünyaşöhrətli azərbaycanlı jurnalistin anım günüdür – FOTOLAR

Bu gün dünyaşöhrətli, Azərbaycan əsilli jurnalist, Leyla Vəkillinin anım günüdür. Leyla Vəkilli 21 fevral 1932-ci il də Parisdə dünyaya gəlib.

Globalinfo.az bildirir ki, atası Həsənalısultan bəy Vəkilov Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olub. İlk orta təhsilini İrəvanda gimnaziyada alıb, sonra Rusiyada Xarkov Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bir müddət Tiflisdə yaşayıb. Tiflisdə Mariya adlı gürcü xanımla evli olub. 1920-ci ildə Qafqazda sovet rejimi qurulduqdan sonra Türkiyəyə mühacirət edib.

Türkiyəyə mühacirət edərkən xanımı onunla getməkdən imtina edib. Daha sonra o, Türkiyədə Krım türklərindən olan Safiyə adlı xanımla ailə qurub. Bir müddət sonra Həsənalısultan bəy Vəkilov Fransanın paytaxtı Paris şəhərinə köçüb və orada 1932-ci ildə Leyla Vəkilli dünyaya gəlib. Onlar yenidən Türkiyənin İstanbul şəhərinə köçüblər. Leyla Vəkkilli 1952-ci ildə İstanbulda Fransız Liseyində təhsil alıb, Sarbon Universitetinin sosiologiya fakültəsini bitirib. Sonradan Fransada jurnalist kimi fəaliyyətə başlayıb. Dünyada 184 ölkədə bürosu olan Sipa-Press Agentliyində çalışıb.
Leyla Vəkilli jurnalistlik fəaliyyəti ilə bağlı dünyanın bir çox ölkələrinə səfərlər edib. O cümlədən Afrika, Latın Amerikası, Fələstin, Nikaraqua və Əlcəzairdə olub. Əlcəzairdə avtomobil qəzasında ağır yaralanıb. Əlcəzairdə Argentinalı marksist-inqilabçı və siyasətçi Ernesto Çe Gevara ilə 3 saatlıq görüşdə iştirak edib. 1962-ci ildə Fransada Nazim Hikmətlə görüşüb. Fransada Türk Film Festivalının qurucularından olub.

Leyla Vəkkilli Fransada çap olunan DEFİ jurnalının baş redaktoru kimi fəaliyyət göstərib. 1996-cı ilədək Parisdə yaşayıb. Həmin il Türkiyəyə, Bodrumun Muğla şəhərinin Türkbükü bölgəsinə köçüb. 26 noyabr 2017-ci ildə dünyasını dəyişib.

Leyla Vəkilli məşhur Vəkilovlar nəslindəndir. İqtisаdçı və dövlət хаdimi, iqtisаd еlmləri namizədi, dоsеnt İlyas Vəkilovun qardaşı qızı, həm də tanınmış hüquqşünas Səməd Vəkilovun bibisidir.

Zaira Akifqızı
Globalinfo.az