resize

İran mediası Hörmüz boğazının bağlandığını və keçməyə cəhd edən istənilən gəminin vurulacağını iddia edib. Hörmüz boğazı Oman ilə İran arasında yerləşir. Bu boğaz şimalda Fars körfəzini cənubda Oman körfəzi və daha sonra Ərəb dənizi ilə birləşdirir.

Globalinfo.az xəbər verir ki, dünya üzrə ümumi neft istehlakının təxminən beşdə biri məhz bu strateji su yolundan keçir.

Boğazın ən dar nöqtəsi cəmi 33 kilometrdir. Gəmilər üçün nəzərdə tutulan hərəkət zolaqları isə hər istiqamətdə təxminən 3 kilometr təşkil edir. Bu isə onu həm strateji baxımdan həssas, həm də asanlıqla bloklana bilən nöqtəyə çevirir.

OPEC-ə üzv olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İraq və İran xam neft ixracının böyük hissəsini məhz bu boğaz vasitəsilə həyata keçirir. İxracın əsas istiqaməti isə Asiya ölkələridir.

Təkcə neft deyil, mayeləşdirilmiş təbii qaz daşımaları da bu marşrutdan asılıdır.

Mütəxəssislər bildirirlər ki, Hörmüz boğazının bağlanması qlobal neft qiymətlərində kəskin artıma, yanacaq və enerji tariflərinin bahalaşmasına, dünya bazarlarında təşvişə səbəb ola bilər.

Bu boğaz dünya enerji təhlükəsizliyinin əsas arteriyalarından biri hesab olunur. Onun bağlanması isə regional addım kimi görünsə də, nəticələri qlobal iqtisadi şoka çevrilə bilər.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: