Dünyanın ən gizli “metrosu”na girdi: hər kəs bu kadrlardan danışır – VİDEO

“Russia Today” HƏMAS-ın yüksək səviyyəli simalarından olan Musa Məhəmməd Əbu Mərzukla diqqətçəkən bir müsahibə həyata keçirərkən, kanalın iki il əvvəl HƏMAS tunellərində çəkdiyi görüntülər yenidən dünya gündəmində səs-küy yaradıb.

Globalinfo.az publika.az-a istinadən xəbər verir ki, İsrail-HƏMAS müharibəsində bütün gözlər İsrailin gerçəkləşdirəcəyi quru əməliyyatına yönəlib. Qəzza zolağında minlərlə tank və əsgər yerləşdirən Təl-Əviv rəhbərliyinin üzləşdiyi ən mühüm iki problem girovlar və “Qəzza metrosu” kimi tanınan yeraltı tunellərdir.

HƏMAS-ın illər ərzində inşa etdiyi, yeraltı labirinti xatırladan tunellər.. Bu, sursatların gizlədilməsinə və HƏMAS üzvlərinin yerin altında gizli şəkildə hərəkət etməsinə imkan verir.

“Russia Today” HƏMAS-ın yüksək vəzifəli şəxslərindən olan Musa Məhəmməd Əbu Mərzukdan müsahibə alıb və ondan mülki şəxslərin niyə yeraltı tunellərdə gizlənmədiyini soruşub.

Mərzuk isə tunelləri müharibə üçün tikdiklərini ifadə edərək, “Qəzzadakı mülki vətəndaşları qorumaq BMT və İsrailin məsuliyyətidir. Bu tunellər bizi döyüş təyyarələrindən qorumaq üçün nəzərdə tutulub”,- deyə bildirib.

Mərzukun açıqlamasından sonra “RT” müxbirinin xüsusi icazə ilə girdiyi HƏMAS tunellərində çəkdiyi görüntülər illər sonra yenidən gündəmə gətirilib. Qərb mediasında günün ən çox danışılan mövzularından birinə çevrilən görüntülərdə müxbirin ipin köməyi ilə 60 metr dərinlikdəki tunelə endiyi görünür.

Videoda HƏMAS üzvlərinin əllərində silahlarla tunelin içərisində hərəkət etdikləri görünərkən Britaniyanın “Dailymail” qəzeti HƏMAS-ın hərbi mühəndislərinin betonla örtülmüş tunellərdə havalandırma, elektrik və telefon xətləri qurmaqla, illər ərzində daha bacarıqlı hala gəldiklərini vurğulayıb.

2021-ci ildə qarşıdurmalar zamanı İsrail 100 km-dən çox tunelə hava zərbəsi endirdiyini və hamısını məhv etdiyini açıqlayarkən, HƏMAS tunellərin 500 kilometrə qədər uzandığını və hücumlar zamanı yalnız 5 faizinin vurulduğunu bəyan etmişdi. London metrosundan daha böyük olan tunel şəbəkəsinin tikintisi 2005-ci ildən əvvəl başlayıb və HƏMAS-ın əraziyə nəzarəti ələ keçirməsindən sonra sürətlənib.