“ABŞ-Kanada səmasında aşkar edilən “casus şarları” Vaşinqton və Pekinin yeni bir kəşfiyyat silahı formalaşdırdığını söyləməyə əsas verir”.
Bunu politoloq Tural İsmayılov son vaxtlar ABŞ səmasında vurulan naməlum obyektlər və Çinin “casus şarları” ilə bağlı Globalinfo.az-a danışarkən qeyd edib.
O bildirib ki, Çinin “casus şarları” kəşfiyyat savaşlarında yeni eranın başlanğıcı kimi qiymətləndirilə bilər:
“Vaşinqtonun Tayvanla bağlı mövqeyi Pekini əsla qane etmir. Lakin hər iki ölkə iqtisadi müstəvidə ciddi rəqabət aparsalar da, müxtəlif formalarda bir-birilərindən asılı vəziyyətdədirlər. Bu baxımdan ABŞ-ın Tayvan məsələsindən təzyiq vasitəsi kimi istifadə etmək cəhdləri Pekində qıcıq yaradır. Nəticə olaraq Çin bu kimi addımlarla ABŞ daxilindəki vəziyyəti hansısa formada öyrənməyə çalışır. Bu tip şarlardan istifadə casusluq savaşlarında yeni bir eranın başlanğıcı hesab edilə bilər. Rəsmi Pekin bu yolla Vaşinqtonun ictimaiyyətə açıqlamadığı hərbi obyektlər haqqında məlumatları öyrənməyə cəhd edir”.
T.İsmayılov Çinin kəşfiyyat mübarizəsindəki son addımına ABŞ-ın eyni şəkildə cavab verəcəyini deyib:
“ABŞ obyektlərin Çinə aid olduğunu söyləmişdi, rəsmi Pekin isə inkar etməmişdi. Sadəcə, şarların ABŞ ərazisinə təsadüfən daxil olduğunu bildirmişdi. Şübhəsiz ki, Vaşinqton da eyni addımı atacaq. Bir neçə gün öncə Çin mediasının ölkə ərazisində hava şarının tapılması və zərərsizləşdirilməsi ilə bağlı açıqladığı məqam da bu fonda diqqət çəkir.
Bu, sadəcə, hər iki ölkə arasında tarix boyu davam edən kəşfiyyat mübarizəsinin yeni erasıdır”.
Ayşən Mustafa
Globalinfo.az