“Altı gün ərzində çox yüksək səviyyədə təşkil olunmuş bir tədbirin şahidi olduq”.
Bunu Globalinfo.az-a açıqlamasında deputat Azər Allahverənov deyib.
O bildirib ki, Azərbaycan COP29 zamanı təşkil etdiyi tədbirlə adını tarixə yazdırmışdı:
“Bu forum da uğurlu ənənənin davamı oldu. Hətta xarici iştirakçılar COP30-la bağlı müzakirələr zamanı vurğulayırdılar ki, COP29-un təşkili olduqca yüksək səviyyədə idi. Bu, Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində bir brendə çevrildiyini göstərir. Bu baxımdan hesab edirəm ki, WUF13 də özünəməxsus xüsusiyyətləri ilə seçildi. Müxtəlif parametrlər üzrə digər bu formatlı tədbirlərlə müqayisədə görürük ki, forumun xüsusi yeri var. Burada inklüzivlik məsələləri, QHT-lərin fəal iştirakı, beynəlxalq təşkilatlar arasında müxtəlif platformalar üzərindən qurulan əməkdaşlıq açıq şəkildə hiss olunurdu”.
Deputat qeyd edib ki, digər forumlarda bu səviyyədə iştirak və koordinasiya ciddi nəzərə çarpmır:
“Xüsusilə forum çərçivəsində QHT platformalarının təşkili mühüm və tarixi hadisə kimi yadda qaldı. Bu onu göstərir ki, şəhərsalma prosesi yalnız dövlət qurumlarının deyil, bütün tərəflərin fəal iştirakı ilə həyata keçirilməlidir və qeyri-hökumət təşkilatları bu prosesdən kənarda qalmamalıdır. Çünki QHT-lərin fəaliyyəti çoxşaxəlidir və şəhərsalmanın effektivliyinə birbaşa təsir edən sahələri əhatə edir. Bu gün dünyanı ən çox narahat edən iki əsas məsələ var: iqlim dəyişikliyi və sürətli urbanizasiya prosesləri. Xüsusilə nəzərə alsaq ki, 2050-ci ilə qədər şəhərlərdə yaşayan əhalinin sayının təxminən 2 milyard nəfər artacağı proqnozlaşdırılır, bu artıq yeni çağırışların formalaşması deməkdir”.
Onun sözlərinə görə, gələcəkdə dünya əhalisinin böyük hissəsinin şəhərlərdə yaşayacağı gözlənilir:
“Bu, şəhərsalma siyasətinə daha həssas yanaşmanı tələb edir. Şəhərsalma prosesində bütün maraqlı tərəflərin iştirakının təmin olunması, qərarvermə mexanizmlərində cəmiyyətin müxtəlif seqmentlərinin təmsil olunması, yeni texnologiyaların tətbiqi və müasir infrastrukturun qurulması əsas prioritetlərdən biridir. Urbanizasiya prosesinin qarşısını almaq mümkün deyil. Bu, artıq qlobal inkişafın bir hissəsidir. Əsas məsələ həmin prosesi düzgün idarə etmək, onu insanlara fayda verən bir istiqamətə yönləndirməkdir. Urban menecment və müasir şəhər idarəetməsi konsepsiyaları məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Forum çərçivəsində sadalanan mövzular üzrə çox vacib müzakirələr aparıldı, təcrübə və bilik mübadiləsi həyata keçirildi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına imkan yarandı. Burada iştirak edən çoxsaylı şirkətlərin və beynəlxalq tərəfdaşların gələcəkdə investor kimi Azərbaycana maraq göstərməsi də mümkündür.
Ən önəmlisi isə odur ki, bu tədbir Azərbaycanın beynəlxalq imicinin və reputasiyasının daha da güclənməsinə xidmət etdi. Forumun Azərbaycanda keçirilməsi artıq beynəlxalq ictimaiyyətin və xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT) sisteminin ölkəmizə olan etimadının göstəricisi idi. Azərbaycan isə bu tədbiri uğurla təşkil etməklə qlobal dəyərlərə, əməkdaşlığa və davamlı inkişafa sadiqliyini bir daha nümayiş etdirmiş oldu”.
Ləman İmran
Globalinfo.az