ehali 9 900x600 1

“Temperaturun artması və ya azalması nəticəsində müəyyən gəmiricilər, yarasalar və xəstəlik daşıyan digər heyvanlar iqlim dəyişikliyinə uyğun olaraq yeni ərazilərə miqrasiya edirlər. Bu isə müxtəlif virusların yeni regionlara yayılma riskini artırır”.

Bu sözləri Globalinfo.az-a infeksionist Nahid Kərimli deyib.

O bildirib ki, qitələrarası və ölkələrarası daşınan mallarla bağlı dezinfeksiya və təhlükəsizlik tədbirlərinin düzgün aparılmaması da mühüm risk faktorudur:

“Təyyarələrdə, qatarlarda və yük daşımalarında gəmiricilərin və onların ifrazatlarının olması yoluxma ehtimalını artırır. Ən vacib amillərdən biri isə insanların artıq daha sıx və kompakt şəkildə yaşamasıdır. Xüsusilə hava-damcı yolu ilə yayılan infeksiyalar zamanı bir yoluxmuş şəxs sıx əhali arasında daha çox insanı qısa müddətdə yoluxdura bilir.

Belə hallarda qorunmağın əsas yolu profilaktik tədbirlərə əməl etməkdir. Dezinfeksiya işlərinin düzgün aparılması, antiseptik vasitələrdən və qoruyucu vasitələrdən istifadə vacibdir. Burada panikaya ehtiyac yoxdur, əsas məsələ diqqətli olmaq və qorunma qaydalarına riayət etməkdir.

Digər mühüm məsələ isə peyvəndlərin gecikdirilməməsidir. Mümkün və tövsiyə olunan peyvəndlərdən vaxtında istifadə olunması məsləhətdir. Eyni zamanda tranzit malların qablaşdırılması, daşınması və saxlanılması zamanı sanitariya qaydalarına ciddi əməl edilməlidir. Çünki bir virus başqa qitədən və ya ölkədən bir bağlama və ya yük vasitəsilə istəmədən digər ölkəyə daşına bilər”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: