dunya ehalisi

Bir müddətdir dünya mediasında Yerlə bağlı ilginc proqnozlar gündəm olub.

Globalinfo.az xəbər verir ki, iddialara görə, avqustun 12-si saat 17:33-də Yerin cazibə qüvvəsi yeddi saniyəlik yox olacaq.

Hətta bəzi paylaşımlarda NASA-nın bunu bildiyi, lakin gizlətdiyi deyilir.

İddialara görə, quruma məxsus olan, “Project Anchor” adlı 89 milyard dollarlıq gizli layihə var və məqsəd sözügedən hadisəyə hazırlaşmaqdır:

“Bu nəzəriyyəyə görə, qara dəliklərdən gələn cazibə dalğaları Yerə çatacaq və cazibə qüvvəsi qısa müddətə fəaliyyətini dayandıracaq. İlk iki saniyədə insanlar, evlər və digər əşyalar yüngülcə havaya qalxacaq. Üçüncü və dördüncü saniyələrdə hündürlük 10–15 metrə çatacaq, yeddinci saniyəyə qədər isə maksimum 20 metrə qədər yüksəlmə baş verəcək.

Daha sonra cazibə qüvvəsi qəfil bərpa olunacaq və hər şey böyük sürətlə yerə düşəcək. İddialara görə, nəticədə 40–60 milyon insan həyatını itirəcək, dünya iqtisadiyyatı isə on il davam edəcək ağır böhran yaşayacaq.

Bu tarixin seçilməsinin səbəbi kimi həmin gün baş verəcəyi deyilən tam Günəş tutulması göstərilir. İddia olunur ki, tutulma Avropa və Şimal qütbü bölgəsindən müşahidə ediləcək və məhz bu zaman cazibə dalğaları maksimum həddə çatacaq”.

Lakin NASA bu iddiaları rədd edir.

Agentliyin açıqlamasına görə, cazibə qüvvəsi “söndürülüb-yandırılan düymə” deyil:

“Yerin kütləsi dəyişmədiyi müddətdə cazibə qüvvəsinin birdən-birə yox olması fiziki baxımdan mümkün deyil. Buna görə də bu iddiaların heç bir elmi əsası yoxdur.

Bəzi insanlar isə mövzunu Yerin və Günəşin maqnit qütblərinin dəyişməsi ilə əlaqələndirirlər. Doğrudur, Günəşin maqnit sahəsi təxminən hər 11 ildən bir çevrilir və bu, normal astronomik prosesdir. Yerin maqnit sahəsi də zamanla dəyişə bilər. Lakin bunların heç biri Yerin cazibə qüvvəsinin yox olması ilə əlaqəli deyil”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: