FIFA

Futbol üzrə dünya çempionatı tarixində ilk dəfə turnirin qalibi olan komanda xüsusi çempionluq üzükləri ilə təltif olunacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.

Üzüklər 2026 ədəd olmaqla məhdud sayda hazırlanacaq. Dünya çempionu olan komanda həmin üzüklərdən 30-nu əldə edəcək. Qalan 1996 üzük isə satışa çıxarılacaq və dünyanın müxtəlif ölkələrindən olan azarkeşlər tərəfindən alınması mümkün olacaq.

Üzüklərin bir üzündə dünya çempionatının kubokunun təsviri, digər üzündə isə qalib komandanın simvolları yer alacaq. Hər bir üzüyə xüsusi seriya nömrəsi vurulacaq. Üzüklər sahiblərinin ölçüsünə uyğun hazırlanacaq və onlarla birlikdə həqiqilik sertifikatı təqdim ediləcək.

Qalib komandanın kapitanı və baş məşqçisi qarşılaşmadan dərhal sonra müvəqqəti üzüklər alacaqlar. Daha sonra çempionlar üçün nəzərdə tutulan 30 üzük son tamamlama işlərindən keçiriləcək, fərdiləşdiriləcək və rəsmi mərasimdə təqdim olunacaq.

Dünya çempionatının final qarşılaşması iyulun 19-da ABŞ-ın Nyu-Cersi ştatında keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyunda İspaniya və Argentina milli komandaları qarşılaşacaq. Final öncəsi keçiriləcək bağlanış mərasiminin əsas ulduzu amerikalı reper və müğənni Post Malone olacaq. Mərasimdə aktyor Tom Kruz, müğənnilər Laura Pausini, Nikol Şerzinger, Robbi Uilyams, eləcə də bloqer IShowSpeed iştirak edəcək. “Oskar”, “Emmi”, “Qremmi” və “Toni” mükafatlarının sahibi Cennifer Hadson isə ABŞ-ın dövlət himnini səsləndirəcək.

Final matçının fasiləsində də möhtəşəm şou proqramı təşkil olunacaq. Şounun əsas iştirakçıları kanadalı müğənni Castin Biber, amerikalı ifaçı Madonna, kolumbiyalı müğənni Şakira və Cənubi Koreyanın məşhur K-pop qrupu BTS olacaq. Şounun bədii rəhbəri isə “Coldplay” qrupunun solisti Kris Martin olacaq.

Konsert proqramında həmçinin Şakira ilə birlikdə turnirin rəsmi himni “Dai Dai”ni ifa edən nigeriyalı musiqiçi Burna Boy, venesuelalı dirijor Qustavo Dudamel, uşaq xoru və “Coldplay” qrupu da çıxış edəcək.

998735 src

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: