İraq parlamentinin deputatı Hind əl-Abbasi ölkədə korrupsiyaya qarşı aparılan genişmiqyaslı əməliyyat fonunda beynəlxalq medianın diqqət mərkəzinə düşüb. Belə ki, xarici KİV-lərin məlumatına görə, xanım deputatın evində aparılan axtarış zamanı 57 milyon dollar nağd pul, 27 kiloqram qızıl və qızıldan hazırlanmış alt paltarları aşkar edildiyi deyilir. Açıq mənbələrdə onun siyasi fəaliyyəti və şəxsi həyatı barədə geniş məlumat olmasa da, deputatın adı əsasən korrupsiya iddiaları ilə bağlı xəbərlərdə hallanır.
Qeyd edək ki, hazırda faktla bağlı araşdırma davam edir. Məhkəmənin yekun qərarı açıqlanmadığından deputat barəsində səsləndirilən ittihamlar hüquqi baxımdan təsdiqini tapmış hesab edilmir.
Ola bilərmi ki, deputatı və onun ətrafını neytrallaşdırmaq üçün bu korrupsiya işi qəsdən qurulub?
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, məsələ yalnız xanım deputatla bağlı deyil:
“Ölkədə korrupsiyaya qarşı mübarizə çərçivəsində əməliyyatlar keçirilib, bir neçə nəfər həbs olunub, axtarışlar aparılıb və böyük həcmdə qanunsuz sərvət aşkar edilib. Bundan əvvəl də İraqın neft naziri ilə bağlı ictimai rezonans doğuran görüntülər yayılıb. Ümumilikdə İraqda baş verən proseslərə baxdıqda belə qənaət yaranır ki, burada söhbət təkcə korrupsiya, rüşvətxorluq və qanunsuzluqlarla mübarizədən getmir. Daha çox ölkə daxilində müxtəlif siyasi və silahlı qruplar arasında gedən hakimiyyət mübarizəsinin şahidi oluruq”.
Xəyal Bəşirov
Hüquqşünas bildirib ki, 2003-cü ildə Səddam Hüseyn rejiminin devrilməsindən bu günə qədər keçən müddətdə İraqda hələ də bütün ölkə ərazisinə tam nəzarət edən güclü və mərkəzləşdirilmiş dövlət idarəçiliyi formalaşmayıb:
“Eyni mənzərəni müəyyən mənada Liviya, Suriya, Yəmən və digər bəzi ərəb ölkələrində də müşahidə etmək mümkündür. Bu təcrübə onu göstərir ki, demokratiya və azadlıqların bərpası şüarı ilə həyata keçirilən hakimiyyət dəyişiklikləri heç də avtomatik olaraq sabitlik, qanunun aliliyi və ya korrupsiyanın aradan qalxması ilə nəticələnmir. Hesab edirəm ki, İraqda hazırda müşahidə olunan korrupsiyaya qarşı əməliyyatlar da müəyyən mənada ölkədə müxtəlif güc mərkəzləri arasında gedən siyasi mübarizənin tərkib hissəsidir. Çünki ölkədə hələ də bütün ərazilərə tam nəzarət edən, vahid və güclü mərkəzi hakimiyyət formalaşmayıb.
Korrupsiya və rüşvətxorluq bu gün dünyanın bir çox ölkəsində ciddi problemlərdən biri olaraq qalır. Ancaq bu problemlərlə effektiv mübarizə aparılması üçün ilk növbədə işlək dövlət institutları, güclü hüquq sistemi və vahid mərkəzi hakimiyyət mövcud olmalıdır. Yəni təkcə hakimiyyətin dəyişməsi korrupsiya, qanunsuzluq və digər sistemli problemlərin aradan qalxacağı anlamına gəlmir. Əgər hər hansı ölkədə siyasi dəyişiklik baş verəcəksə, bu, ilk növbədə həmin xalqın öz iradəsi və daxili siyasi prosesləri nəticəsində baş verməlidir. Xarici müdaxilələr isə əksər hallarda uzunmüddətli sabitlik və dayanıqlı idarəetmə yaratmaqda çətinlik çəkir. Ona görə də hər bir ölkədə korrupsiya ilə mübarizənin uğurlu olması üçün əsas şərt güclü dövlət institutlarının, qanunun aliliyinin və xalqın iradəsinə söykənən legitim idarəetmənin formalaşmasıdır”.
Ləman İmran
Globalinfo.az