DTX-nin telefonlara göndərdiyi xəbərdarlıqla bağlı izah

 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) mobil operatorlar vasitəsi ilə vətəndaşların mobil telefonlarına təhlükə barədə xəbərdarlıq mesajı göndərir. Həmin mesajda vətəndaşlara ehtiyatlı olmaq tövsiyə edilir.

Sitat: “Hörmətli Abunəçi, dövlətin təhlükəsizliyinə təhdid yarada biləcək halların qarşısının alınması məqsədilə yerli və xarici mobil nömrələrdən daxil olan mesajlara (iş elanları), həmçinin sosial şəbəkə üzərindən qurulan əlaqələrə daha diqqətlə yanaşmağınızı tövsiyə edirik. Şübhəli vəziyyətlə qarşılaşdığınız halda, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet saytına keçid edərək bunu bəyan etməyiniz xahiş olunur”.

Bu mətn DTX-nin 10 iyul 2023-ci ildə Bakıda keçirdiyi əməliyyatdan bir gün sonra yaydığı üçün daha çox diqqət cəlb etdi. Görəsən, xüsusi xidmət orqanlarının əlində hansısa önəmli məlumat var?

Xatırladaq ki, DTX 10 iyulda keçirdiyi əməliyyat tədbirləri nəticəsində Əfqanıstan vətəndaşı 1990-cı il təvəllüdlü Favzan Musa Xan həbs olunub. Həmən şəxsin Bakıda fəaliyyət göstərən səfirliklərdən birini partlatması ilə bağlı plan qurduğu məlum olub. Sonradan belə anlaşıldı ki, hədəfdə olan səfirlik İsrailin Bakıda fəaliyyət göstərən diplomatik nümayəndəliyidir.

Onu da bildirək ki, İsrail səfirliyi son 15 ildə dəfələrlə “Hizbullah” və digər terrorçu təşkilatların hədəfində olub. Amma xoşbəxtlikdən Azərbaycan hüquq mühafizə orqanları və xüsusi xidmət orqanları terror cəhdlərinin qarşısını vaxtında alıb.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan təhlükəsizlik üzrə ekspert Rəşad Rza deyib ki, DTX tərəfindən belə bir bildirişin gəlməsi normal haldır:

“Belə bir addım müəyyən halların qarşısının alınması üçün atılır. Qonşu dövlətlərdə bu hal geniş yayılıb. Sadəcə, bizdə az olduğuna görə, cəmiyyətdə qəribə qarşılanır.

Xəbərdarlıq onunla əlaqədardır ki, insanlar ehtiyyatlı olsunlar. Ona görə ki, hər cür hadisə baş verə bilər. Buna üçün də vətəndaşları ehtiyyatlı olmağa çağırır, şübhəli bir hadisə baş verdikdə güc strukturlarına müraciət etmələri xahiş olunur. Bu, insanların təhlükəsizliyi naminədir”.

Zaira Akifqızı
Globalinfo.az