DTX-nin Naxçıvan əməliyyatından sonra nə dəyişib? – Partiya sədri faktlar açıqlayır

Naxçıvanda keçirilən anti-korrupsiya əməliyyatlarında xeyli sayda yüksək vəzifəli məmur saxlanıb. Prosesin uzun müddət sıxıntılı həyat sürən, məhdudiyyətlərlə üzləşən Naxçıvan əhalisinin vəziyyətinə necə təsir etməsi müzakirə edilən məsələlər arasındadır.

Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev Globalinfo.az-a bildirib ki, Naxçıvanda korrupsiya idarəçilik sisteminə çevrilmişdi:

“Naxçıvanda cəmiyyətdə bir alternativin olmaması, azad mətbuatın yoxluğu, QHT və siyasi partiyalara qarşı qoyulan qadağalar bir daha burada hər şeyin Ali Məclisin sədrinin iradəsi altında olduğundan xəbər verirdi. Düzdür, bir çox kəndlərdə abadlaşdırma işləri aparılırdı, yeni yollar salınırdı, amma ən böyük yeyintinin olduğu yerlərdən biri elə tikinti sahəsi idi. Sadəcə görüntü yaradılırdı, ancaq bu, gəlir mənbəyinə çevrilmişdi. Bütün tenderləri özlərinə aid olan şirkətlər qazanırdı. Naxçıvanın statusundan istifadə edərək orda bir hakimi-mütləq sistem yaradılmışdı”.

CXP sədrinin sözlərinə görə, hazırda MR-nın statusu ilə bağlı hüquqi bazanın yaradılması məsələsinin yekun işləri aparılır:

“Hələlik hadisələr ciddi şəkildə qapalı formada cərəyan edir. Hüquqi və siyasi qərar qəbul olunduqdan sonra Naxçıvanın gələcək taleyi və strukturu ilə bağlı siyasi qiymət veriləcək. Proses hələ yeni başlayıb, yəqin 3-4 ay çəkəcək. Naxçıvanın idarəetmə sistemində, polis sistemində dəyişiklik olmalı, ciddi kadr islahatı aparılmalı, ortada olan məmurların əl-qolu bağlanmalıdır ki, camaatın dövlətə inamı artsın. İnsanlar tapdanmış hüquqları ilə bağlı DTX-nın ayrı-ayrı qurumlarda nümayəndələrinə müraciət edirlər.

Faktiki olaraq köhnə polis sistemində və icra hakimiyyətlərində köklü dəyişiklik olmadığına görə camaatda bu şikayətlərlə bağlı bir qorxu hissi var”.

Gülnar Səlimova
Globalinfo.az